
Ermənistan hazırda Aİ ilə münasibətləri əhəmiyyətli dərəcədə dərinləşdirməyə yönəlmiş siyasət yürüdür. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyaya səfəri çərçivəsində yerli “Lännen Media” xəbər agentliyinə müsahibəsində bildirib.
Mirzoyanın sözlərinə görə, müxtəlif sahələri əhatə edən hərtərəfli sənəd olan “Yeni Tərəfdaşlıq Gündəliyi” adlı sənəd üzərində danışıqlar aparılır.
“Aprel ayında Ermənistan, Aİ və ABŞ-ın iştirakı ilə yüksək səviyyəli üçtərəfli görüş keçirilib. İclasın əsas məqsədi Ermənistanın müxtəlif istiqamətlərdən çoxsaylı təhdidlərlə, o cümlədən hibrid təhlükələrlə üz-üzə qaldığını nəzərə alsaq, Ermənistanın dayanıqlığını, xüsusən də iqtisadi cəhətdən gücləndirmək idi.
Bildiyiniz kimi, Ermənistan demokratik ölkədir. Biz demokratik qeyri-zorakı inqilab etdik. Biz korrupsiyanın kökünü kəsmək və demokratik institutları gücləndirmək üçün geniş demokratik islahatlara başlamışıq. Biz artıq iki parlament seçkisi keçirmişik, onlar tam demokratik, azad və şəffaf seçkilər kimi tanınıb”, – deyə XİN rəhbəri bildirib.
Nazir Mirzoyan əminliklə bəyan edib ki, Ermənistanda baş verən demokratik dəyişikliklər geridönməzdir: “Azad demokratik seçkilər vasitəsilə hakimiyyətə hansı hökumətin gələcəyinin əhəmiyyəti yoxdur, demokratik dəyərlər cəmiyyətimizin əsasını təşkil edir”, – deyə Ararat Mirzoyan bildirib.







