
Ermənistan heç bir ölkə ilə silahlanma yarışında deyil, biz silahları sırf Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü qorumaq üçün əldə edirik, yəni müdafiə məqsədləri üçün və məqsədlərimiz şəffafdır, Nikol Paşinyan “Armenpress”ə müsahibəsində deyib.
“Bizə deməyə çalışırlar ki, biz müdafiə məqsədilə müdafiə silahı almalıyıq. Amma müdafiə silahı ilə müdafiəni təşkil etmək mümkün deyil. Tutaq ki, Ermənistanın super təchizatlı hava hücumundan müadfiə və REP vasitələri vardır, özünü quru hücumlarından qorumaq üçün nə etməlidir? Əlbəttə artilleriya ilə, əlbəttə ki, raketlərlə, əlbəttə ki, digər hücum vasitələri ilə. Azərbaycan müdafiə xarakterli olmayan silahlar da alıb, bu o deməkdirmi ki, revanşist siyasət yürüdür?
O, həmçinin bildirib ki, bütün beynəlxalq normalara görə, Ermənistan Respublikası silahlı qüvvələrə malik olmaq hüququna malikdir və öz vətəndaşlarını, o cümlədən mümkün xarici təhlükələrdən qorumaq öhdəliyinə malikdir.
“Ordu islahatları bizim qanuni haqqımızdır, bu, Azərbaycan üçün təhlükədirmi? Yox, çünki biz Azərbaycanın sovet Azərbaycanı ərazisi üzərində ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə tanımışıq və tanıyırıq və biz Azərbaycandan da bizim kimi əldə etdiyimiz razılaşmalara uyğun olaraq Ermənistan Respublikasının ərazi bütövlüyünü tanımasını və anlaşılmazlıqlara yol vermədən təhdid siyasətindən çəkinməsini gözləyirik.
Demək olar ki, hər gün Azərbaycandan Ermənistan Respublikasına təhdid dolu bəyanatlar verilir. Bu şəraitdə cavabımız hətta daxildə tənqid olunur, çünki biz deyirik ki, suveren ərazimizin 200 kvadrat kilometrdən artıq işğal olunmuş hissələrini hərbi yolla qaytarmağı belə düşünmürük, çünki sərhədlərin delimitasiyası məsələsində əldə edilən institusional həllər bu məsələni dinc, danışıqlar yolu ilə həll etmək imkanı verir.
Hətta bütün bunların kontekstində biz Azərbaycana silahlara qarşılıqlı nəzarət üçün ikitərəfli mexanizm yaratmağı təklif etdik. Amma Azərbaycan hələ ki, cavab vermir və Ermənistanla Azərbaycanın hərbi büdcələri arasında fərq artıq 3 dəfə Azərbaycanın xeyrinədir. Bütün bunların fonunda bizi silahlandırmaqda ittiham etmək ən azı ədalətli deyil”.
Regionda yeni eskalasiya riskini nə qədər yüksək qiymətləndirdiyini soruşduqda Paşinyan, belə cavab verdi: “Mən təminat verə bilərəm ki, Ermənistanın Azərbaycana hücum etmək niyyəti, məqsədi və planı yoxdur və bu yolla getməyəcək. Əgər Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdursa, o zaman regionda eskalasiya ehtimalı sıfıra bərabərdir”.







