
Cari il İttifaqın üzv dövlətləri Aİİ İqtisadi Komissiyası ilə birlikdə 2023-cü ilin sonunda Aİİ Şurasının qəbul etdiyi Avrasiya nəqliyyat dəhlizlərinin inkişafı üzrə kompleks planın həyata keçirilməsi istiqamətində fəal iş aparıblar.
Bunu Avrasiya İqtisadi Komissiyasının energetika və infrastruktur naziri Arzbek Kojoşev “Armenpress”in Moskvadakı müxbiri ilə söhbətində Avrasiya nəqliyyat dəhlizləri və ilkin inteqrasiya infrastruktur layihələri haqqında danışarkən deyib.
“Birliyə üzv dövlətlər arasında nəqliyyat əlaqələri yüksək səviyyədədir. Xüsusilə vurğulamağı vacib hesab edirəm ki, məsələn, Aİİ avtomobil yollarının uzunluğuna görə dünyada 4-cü, dəmir yollarının uzunluğuna görə isə 3-cü yerdədir. Avrasiya nəqliyyat dəhlizlərinin Baltik və Qırmızı dənizlərə, Avropaya, Çinə, İrana, ərəb ölkələrinə və Hindistana çıxışı var”, – deyə nazir qeyd edib.
Bu müddət ərzində məqsədli inkişaf göstəriciləri üzrə nəqliyyat infrastrukturunun inkişafının təhlili və Avrasiya nəqliyyat dəhlizlərinin pasportlarının hazırlanması, dəhlizlərə dair vahid tələblərin işlənib hazırlanması, habelə qismən sektorların inkişafı üçün tədbirlərin müəyyən edilməsi kimi bir çox analitik işlər görülmüş.
Həmsöhbətimizin sözlərinə görə, Avrasiya İqtisadi İttifaqının ümumi yükdaşımalarının inkişafının əsas istiqaməti kimi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi önəm verilir.
“Bu dəhlizin inkişafı, “dar nöqtələrin” aradan qaldırılması, həmçinin fasiləsiz logistikanın yaradılması istiqamətində aktiv işlər aparılır. Həmin dəhlizin üç əsas Transxəzər, Qərb və Şərq marşrutlarının inkişafı istiqamətində işlər aparılır.
2024-cü ildə ilkin infrastruktur layihələrinin siyahısı genişləndirilib ki, bu da hazırda 11 layihəni əhatə edir. Onların arasında Ermənistan Respublikasından bir, Belarus Respublikasından iki, Qazaxıstan Respublikasından üç, Qırğızıstan Respublikasından üç, Rusiya Federasiyasından iki layihə var.
Söhbət avtomobil yollarının tikintisi və yenidən qurulmasından, dəmir yolu infrastrukturunun yaradılmasından, elektrikləşdirilməsindən və modernləşdirilməsindən gedir”, – deyə Arzbek Kojoşev qeyd edib.







