
Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin direktoru Con Alelo Ermənistanda dörd illik fəaliyyətini başa vurur.
“Armenpress”in məlumatına görə, bu barədə USAID Ermənistanın yaydığı məlumatda deyilir: “Mən gedirəm. Getmək həmişə emosional bir andır. Ermənistanı tərk etmək bəlkə də ən çətini olacaq. Bu ölkə məni belə qucaq açıb qarşıladı. Hara getsəm, həmişə ailəmlə şam yeməyi yeyirmiş kimi hiss edirəm”,- deyən Con Allelo mesaja əlavə edilən videoda bildirib. Allelo paylaşdığı videoda ermənilərin bəlkə də dünyanın ən dözümlü xalqlarından biri olduğunu da vurğulayır.
“Ermənistanda işləyərkən yerli sakinlərlə danışmağa, onların ehtiyaclarını öyrənməyə çalışırıq. Beləliklə, mən çox şey öyrənirəm və necə faydalı ola biləcəyimizi daha yaxşı başa düşürəm”, – deyən Alelo Ermənistanda özünü çox yaxşı və rahat hiss etdiyini bildirib.
Mesajda Con Alelonun rəhbərliyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin erməni missiyasının öz təsir dairəsini genişləndirdiyi, büdcə ayırmalarının artdığı, yeni proqramların icrasına başlandığı və bunun Ermənistan xalqına ciddi müsbət təsir göstərdiyi vurğulanır.
Agentlik əlavə edir ki, Alelonun fəaliyyəti təkcə onun effektiv rəhbərliyinə görə deyil, həm də Ermənistana və erməni xalqına məhəbbətinə görə unikaldır.
“Bilirsiniz, mən amerikalı olduğum üçün çox fəxr edirəm, amma məndə bir xırda şeyi dəyişmək mümkün olsaydı, mən qismən erməni olardım”, – deyə Con Alelo videoda qeyd edib.







