
“Qardman-Şirvan-Naxicevan” Ümumerməni İttifaqının prezidenti Vilen Qabrielyan “Armenpress” agentliyinə ilin yekunlarına həsr olunmuş müsahibəsində 2024-cü ildə ittifaqın fəaliyyəti, erməni qaçqınlarının problemləri və qarşıdakı planlar barədə danışıb.
Sual: – Cənab Qabrielyan, ötən il ərzində qaçqınlıq problemi dünyada yeni qaçqın axınlarının yaranması ilə bağlı olaraq beynəlxalq siyasi gündəmin bir hissəsi olaraq qalmaqda davam etdi. Bu kontekstdə siz keçmiş və indiki dövrdə qaçqınlıq problemi barədə nə düşünürsünüz?
Cavab: – Bəli, dünya qaçqın böhranı ilə üzləşməkdə davam edir. Bunu müharibələr, hərbi əməliyyatlar və vətəndaş münaqişələri nəticəsində yerindən didərgin düşmüş insanların böyük sayı da sübut edir.
Qaçqınlıq hüquqların və minimum yaşayış şəraitinin təmin olunması ilə bağlı bir çox problemlər yaradır ki, bu problemlər təkcə qaçqın qəbul edən ölkələrin deyil, həm də beynəlxalq ictimaiyyətin üzərinə düşür.
Qəbul edən ölkələr humanizm və beynəlxalq öhdəliklər əsasında bu şəxslərin təhlükəsizliyi və hüquqlarının qorunması ilə məşğul olmaq məcburiyyətində qaldıqları halda, bu gün beynəlxalq ictimaiyyətin və hüquq sisteminin məsuliyyəti sual altındadır.
Bu problemin yeni olmadığını qeyd etmək lazımdır, lakin beynəlxalq siyasi gərginliklərin artması səbəbindən əvvəlki dövrlərdəki çatışmazlıqlar daha kəskin şəkildə üzə çıxır.
Hərçənd keçən əsrin ortalarında beynəlxalq hüquq “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzanın tətbiqi haqqında Konvensiya”, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” kimi əhəmiyyətli sənədləri qəbul etməyə nail olmuşdu, amma soyqırımların qarşısının alınması və insan hüquqlarının müdafiəsi bu gün də nəzarət mexanizmlərinin qeyri-kamilliyi səbəbindən hələ də zəif qalır.
Sual: – Beynəlxalq konvensiyaların nəzarət və pozuntuların qeydə alınması, yaxud məsuliyyətə cəlb olunması məsələsi ilə bağlı erməni qaçqınları da bir çox problemlərlə üzləşiblər. Bu məsələdə rəhbərlik etdiyiniz ittifaqın yanaşması necədir?
Cavab: – Erməni qaçqınlarının problemi regionumuzda heç də yeni deyil. XX əsrin əvvəllərindən ermənilər dəfələrlə zorakı köçürülmə və etnik təmizləmə hadisələri ilə üzləşiblər.
Bu proseslər nəticəsində ermənilərin yaşayış arealı davamlı olaraq kiçilib və itirilmiş ərazilərdə erməni mədəni mühiti məhv edilib.
Hələ 1905–1906-cı illərdən etibarən keçmiş Rusiya İmperiyasının Qafqaz vilayətlərində ermənilər formalaşmaqda olan qafqazlı tatar millətçiliyinin hədəfinə çevriliblər.
Bunun nəticəsi olaraq yandırılmış, talan edilmiş, ermənilərdən təmizlənmiş kəndlər, şəhər məhəllələri, məhv edilmiş dini komplekslər və kilsələr ortaya çıxıb.
1918–1920-ci illərdə isə bu proses daha institutlaşmış xarakter alıb və biz artıq dövlət siyasəti ilə qarşılaşırıq.
1918-ci ildə Bakıda 30 min erməninin qətli, 1920-ci ildə Şuşada ermənilərin qırğını və zorla köçürülməsi, 1918–1920-ci illərdə Naxicevanın ermənilərdən təmizlənməsi, Nuxada (Şəki) və Areşdə ermənilərin qətliamları sənədlərlə sübut olunmuş tarixi hadisələrdir.
Sual: – Ötən il bu istiqamətdə hansı işlər görülüb?
Cavab: – İttifaqımız həm xaricdə beynəlxalq tərəfdaşlarla, həm də Ermənistan daxilində aktiv fəaliyyət göstərib. Mən, ittifaqın prezidenti olaraq, ATƏT-in Demokratiya və İnsan Hüquqları Ofisinin təşkil etdiyi konfranslarda iştirak etmişəm.
İttifaqımızın tələblərini ifadə edən üç məktub BMT-nin rəsmi sənədləri olaraq qəbul edilib. Bundan başqa, ittifaqımız Ermənistan Elmlər Akademiyası, Qlobal Erməni Zirvəsi kimi təşkilatlarla sıx əməkdaşlıq edib. Ermənilərdən təmizlənmiş kəndlər və mədəni abidələr barədə məlumatlar yayılıb.
Sual: – Gələn il ittifaq hansı istiqamətlərdə fəaliyyətini davam etdirəcək?
Cavab: – Gələcəkdə beynəlxalq tərəfdaşlıqları daha da gücləndirərək erməni qaçqınlarının hüquqlarının bərpası uğrunda mübarizəmizi davam etdirəcəyik.
Xüsusilə, beynəlxalq ictimaiyyətin diqqətini tarixi və müasir problemlərimizə cəlb etmək üçün yeni platformalar yaradacağıq.







