
Ermənistan və Amerika Birləşmiş Ştatları Strateji Tərəfdaşlıq haqqında sənəd imzaladılar. Verilən məlumata görə, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken imzaladılar.
Sənədin imzalanma mərasimi Vaşinqtonda Ermənistanın XİN rəhbəri və ABŞ dövlət katibinin görüşü çərçivəsində baş tutdu.
ABŞ dövlət katibi Entoni Blinken vurğuladı ki, sənədin imzalanması Ermənistan və ABŞ arasındakı münasibətlərdə əhəmiyyətli mərhələdir:
“Biz ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Komissiyasını təsis edirik. Bu komissiya bizə müxtəlif sahələrdə, o cümlədən iqtisadi məsələlərdə, təhlükəsizlik və müdafiə sahəsində, demokratiya və ədalət məsələlərində əməkdaşlığı genişləndirməyə imkan yaradacaq” – deyə Blinken bildirdi.
ABŞ dövlət katibinin fikrincə, bu sənəd Cənubi Qafqazın daha davamlı, daha sülhpərvər, daha təhlükəsiz və daha müstəqil olmasına kömək edəcək.
“Ermənistan-ABŞ Strateji Tərəfdaşlıq haqqında nizamnamə əməkdaşlığımız üçün möhkəm təməl yaradır və onu daha iddialı edir.
Bu, iqtisadi və energetika əlaqələrinin gücləndirilməsi, kommunikasiya, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik institutların gücləndirilməsi, ədalət və qanunun aliliyinin təşviqi, innovasiya və yüksək texnologiyaların inkişafı, eləcə də insanlararası əlaqələrin genişləndirilməsi kimi bir çox sahələri əhatə edir” – deyə ER Xarici işlər naziri Ararat Mirzoyan qeyd etdi.
Mirzoyan vurğuladı ki, ümumi dəyərlər və qarşılıqlı maraqlara əsaslanan Ermənistan və ABŞ münasibətləri son illərdə əhəmiyyətli inkişaf edib.
“Onlar elə bir səviyyəyə çatıb ki, strateji tərəfdaşlığın təsis edilməsi nəinki cari reallıqlara cavab verir, həm də mürəkkəb geosiyasi şəraitdə fəaliyyət göstərmək baxımından böyük əhəmiyyət kəsb edir” – deyə o, əlavə etdi.
Ermənistanın xarici işlər naziri ABŞ dövlət katibinə və onun komandasına iki ölkə arasındakı əməkdaşlığı yeni səviyyəyə qaldırmaq istiqamətində göstərdikləri səylərə görə təşəkkür etdi.
Ermənistan-ABŞ münasibətləri 2024-cü ildə fəal siyasi dialoq və dəyərli nailiyyətlərlə diqqət çəkib. 5 aprel tarixində Ermənistan-ABŞ-AB arasında üçtərəfli görüş keçirilmişdi.
11 iyun tarixində Yerevanda Ermənistan-ABŞ strateji dialoqunun yekun iclası baş tutmuş və qarşılıqlı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə bağlı perspektivlər müəyyən edilmişdi.







