
Həqiqət və Ədalət Mərkəzi Azərbaycan hökumətinə müraciət edərək, beynəlxalq hüquqşünasların Bakıya səfər etməsinə və yanvarın 17-dən başlayacaq erməni əsirlərin məhkəmə proseslərində iştirak edərək onları izləməsinə icazə verməyə çağırıb.
Alınan məlumata görə, bu barədə “Asbarez” məlumatlandırıb.
Həqiqət və Ədalət Mərkəzinin sədri Qor Mnatsakanyan bildirib:
“Bu əsirlər saxta ittihamlarla qanunsuz şəkildə ilkin həbslərdə saxlanılır, qanuni hüquqi nümayəndəlik hüququndan məhrum ediliblər.
Onlar ailə üzvləri ilə demək olar ki, heç bir əlaqə saxlamır. Məhkəmə proseslərində beynəlxalq müşahidəçilərin iştirakı, qapalı və gizli keçiriləcəyi gözlənilən məhkəmə proseslərində Azərbaycan məhkəmə sisteminin hesabatlılığını təmin etmək baxımından vacibdir”.
Məlumatda qeyd olunur ki, Bakıda məhkəmə prosesləri Dağlıq Qarabağın keçmiş hərbi-siyasi rəhbərliyinin 8 nümayəndəsi üzərində başlanacaq.
Onlar Azərbaycanın Dağlıq Qarabağı 10 aylıq blokadaya alması və sonrakı hərbi təcavüz nəticəsində etnik təmizləməyə məruz qalıblar. Nəticədə 120 min erməni Ermənistana köçməyə məcbur olub.
Məhkəmə proseslərini izləmək üçün Azərbaycan vizası gözləyən beynəlxalq müşahidəçilər arasında aşağıdakı şəxslər var:
Espacio para la Memoria İnstitutunun direktoru Ana Maria Kareaga,
Argentina Hüquqşünaslar Assosiasiyasının rəhbəri Klaudia Viviana Roka,
Hüquqşünas və insan hüquqları üzrə ekspert, Buenos-Ayres Cinayət Məhkəməsinin sabiq referenti İrene Viktoriya Masimino,
Cinayət hüququ üzrə mütəxəssis Avi Sinqh.
Həqiqət və Ədalət Mərkəzi Azərbaycan hakimiyyətini bu mütəxəssislərə viza verilməsi və səfər zamanı onların təhlükəsizliyinin təmin edilməsi üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.







