BaşlıcaSiyasət

Siranuyş Sahakyan:  “Bakıda müttəhimlər kürsüsündə Artsaxın öz müqəddəratını təyin etmə hüququ əyləşib”

Bu gün keçirilən məhkəmə prosesinin bütün girovları 2023-cü ilin sentyabr ayında baş verən təcavüzlə əlaqədardır. Azərbaycan ordusunun hücumu zorla köçkün düşmələrə, Artsaxın dövlətçiliyinin məhv edilməsinə və öz müqəddəratını təyin etmə hüququnun tapdalanmasına səbəb oldu.

Bunun nəticəsində Artsaxın keçmiş və indiki rəsmiləri də daxil olmaqla səkkiz nəfər girov götürüldü. Bundan əlavə, hücum zamanı döyüş əməliyyatlarında iştirak edən şəxslər də əsir düşdü.

Bu barədə jurnalistə açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsində hərbi əsirləri təmsil edən, Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin rəhbəri Siranuyş Sahakyan məlumat verib.

“Yəni bizə məlum olan səkkiz rəhbərdən əlavə, Azərbaycanda məhkəmə proseslərinə cəlb olunan daha səkkiz nəfər var. Onlar 2023-cü ilin sentyabr təcavüzü nəticəsində Azərbaycanın nəzarətinə keçib.

Bunlar hərbçilərdir və həmçinin könüllü əsaslarla orduda iştirak edən şəxslərdir. Lakin Mədət Babayev kimi mülki şəxslər də var ki, o, yaşlı bir insandır və bu əməliyyatlar nəticəsində Azərbaycanın nəzarətinə düşüb.

Həmin şəxslərin hamısı əsir götürüldükləri zaman Artsax Respublikasının ərazisində olublar” – deyə o, bildirib.

Onun sözlərinə görə, yaşlı mülki şəxslərə irəli sürülən ittihamlar əsasən soyqırım ittihamlarını əhatə edir və bu ittihamlar onların yaş xüsusiyyəti ilə əlaqələndirilir.

Amma bu şəxslərə terrorçu silahlı dəstələrdə iştirak etmək kimi ittihamlar da irəli sürülüb, çünki Azərbaycan Artsaxın dövlətçiliyini silahlı terrorçu qrup kimi təqdim etməyə çalışır.

“İttihamların əsas xətti bu məntiq əsasında qurulub, lakin əlavə ittihamlar da var, məsələn, qanunsuz sərhəd keçmə ittihamı,” – deyə Siranuyş Sahakyan bildirib.

Sahakyan əlavə edib ki, yalnız Ruben Vardanyanın deyil, həmçinin Artsaxın digər rəhbərlərinin ittihamları da ağırdır və onları da ömürlük həbs cəzası təhlükəsi gözləyə bilər.

“Bu ittihamlar əsasən terrorçuluq, zorakı köçkün düşmə, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, qanunsuz sərhəd keçmə, işgəncələr və digər əməllərlə əlaqəlidir.

Lakin yenə də mərkəzi ittiham terrorçuluq, silahlı qrupların təşkil olunması, formalaşdırılması, maliyyələşdirilməsi və bu qrupların iştirakı ilə müəyyən cinayətlərin törədilməsi ilə bağlıdır.

Müharibə əməliyyatları tamamilə qeyri-qanuni silahlı əməliyyatlar kimi qiymətləndirilir və nəticədə humanitar hüquq normalarının pozulduğu vurğulanır.

 Bu pozuntular müharibə və ya insanlıq əleyhinə cinayətlər kontekstində dəyərləndirilir”– deyə o, əlavə edib.

Bu gün başlayan məhkəmə proseslərinə toxunan Siranuyş Sahakyan bildirib ki, bunlar həmin məhkəmə proseslərinin ilkin iclasıdır və burada əsasən məhkəmə proseduruna dair məsələlər, o cümlədən etirazlar və məhkəmə iclaslarının açıq və ya qapalı rejimdə keçirilməsi məsələsi müzakirə olunacaq:

“Bizim qiymətləndirməmizdə Azərbaycanın dövlət sirri ilə əlaqədar olaraq məhkəmə proseslərini qapalı rejimdə keçirməyə çalışacağı ehtimalı yüksəkdir.

Əsas məqsəd saxtalaşdırılmış sübutları beynəlxalq ictimaiyyətə və geniş kütləyə açıqlamamaq, beynəlxalq müşahidəçilərin məhkəməyə girişini məhdudlaşdırmaq və yalnız Azərbaycana sərf edən məlumatları təbliğat məqsədilə ictimaiyyətə açıqlamaqdır”.

Hüquq müdafiəçisi bildirib ki, vətənə qaytarılmış əsirlərdən alınan məlumatlara görə, onlara işgəncələr və həyatlarına təhlükələr altında Azərbaycan güc strukturları tərəfindən diktə edilmiş ifadələr verdirilib.

“Bizə məlumdur ki, daha bir zərərli praktika mövcuddur. Həmin şəxslər zorla boş vərəqlərin altına imza atmağa məcbur ediliblər. Daha sonra həmin vərəqlərin məzmunu Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən doldurulub. Onlar azərbaycan dilində hazırlanıb və erməni hərbi əsirlər məzmunu ilə tanış olmadan məcburiyyət qarşısında imza atıblar, çünki onlara qarşı həyatdan məhrum etməklə bağlı hədə-qorxu gəlinib” – deyə o, qeyd edib.

“Bu praktika tamamilə beynəlxalq hüquqa ziddir və məcburiyyət altında əldə edilmiş hər hansı bir sübut sübutedici əhəmiyyətə malik deyil” – deyə o, bildirdi.

Azərbaycan hakimiyyətinin beynəlxalq hüquqşünasların Ruben Vardanyanın işi ilə bağlı cəlb olunmasına icazə verməməsinə toxunan Siranuyş Sahakyan dedi:

 “Təkcə xarici vəkillərin cinayət işlərinə cəlb olunmasını məhdudlaşdırmırlar, həm də beynəlxalq hüquqşünasların Azərbaycanda saxlanılan müştəriləri ilə görüşməsinə və beynəlxalq məhkəmə prosesləri ilə bağlı işləri müzakirə etməsinə mane olurlar.

Bu baxımdan, bəli, cənab Vardanyanın beynəlxalq vəkili tərəfindən ictimai açıqlama yayımlandı, lakin qeyd edə bilərəm ki, digər hərbi əsirlər ilə bağlı da oxşar problemlər mövcuddur.

Bizim müştərimiz Lyudvik Mkrtçyan Fransız hüquqşünas tərəfindən də təmsil olunur və təsdiqləyirik ki, Lyudvik Mkrtçyan öz Fransız hüquqşünası ilə danışmaq və görüşmək hüququndan məhrum edilib, Azərbaycan isə müstəqil hüquqşünasların fəaliyyətinə bilərəkdən mane olur”.

O, Bakıda nümayiş xarakterli saxta məhkəmə proseslərinin olacağına əminliyini ifadə etdi:

“Hesab edirəm ki, ittiham kürsüsündə təkcə oradakı erməni girovlar deyil, həm də Qarabağın öz müqəddəratını təyin etmə hüququ əyləşdirilib.

 Bu məhkəmə prosesləri məhz Qarabağın öz müqəddəratını təyin etmə hüququnun məhkum edilməsinə yönəlib. Azərbaycan məhkəmələrinin hər hansı bir bəraət qərarı çıxaracağına ümid etmək olmaz.

Azərbaycan güc tətbiq edərək, beynəlxalq hüququ pozaraq, muzdlu döyüşçüləri cəlb edərək Qarabağın öz müqəddəratını təyin etmə hüququnu zorla boğub və sadəcə olaraq daxili məhkəmə qərarları ilə bu hüququ mühakimə etmək, ömürlük məhkum etmək istəyir.

Burada həqiqətən də simvolik bir məqam var” – deyə Siranuyş Sahakyan bəyan edib.

Daha çox göstər
Back to top button