Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərini iki ölkə arasında münasibətlərin dinamikası kontekstində vacib qiymətləndirib və Ermənistanın Rusiya ilə səmərəli siyasi dialoqda maraqlı olduğunu vurğulayıb.
“Hesab edirəm ki, bu səfər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək, eləcə də bir sıra cari məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir.
Mən Ermənistan Respublikasının ikitərəfli münasibətlərimizə və ümumilikdə regional vəziyyətə təsir edən məsələlər üzrə səmərəli siyasi dialoqun davam etdirilməsində maraqlı olduğunu qeyd etmək istərdim”,- Mirzoyan deyib.
Rusiyan xarici işlər naziri Sergey Lavrov da qeyd edib ki, ötən il Ermənistan-Rusiya münasibətləri üçün asan olmayıb.
“Bu gün biz liderlərimizin, prezident Vladimir Putinin və baş nazir Nikol Paşinyan tərəfindən qorunan atmosferin ruhunda səmimiyyətlə gündəliyin sizin üçün vacib olan, Rusiya Federasiyası üçün vacib olan bütün məsələləri müzakirə edəcəyik.
Biz erməni xalqı ilə, təbii strateji tərəfdaşımız və müttəfiqimiz olan Ermənistanla qardaşlıq əlaqələrini həmişə yüksək qiymətləndirmişik və qiymətləndirməkdə davam edirik”, – Lavrov bildirib.
Nazir Mirzoyan qeyd edib ki, Ermənistan beynəlxalq platformalarda Rusiyanın maraqlarını nəzərə almağa çalışır.
“Digər mühüm göstərici beynəlxalq platformalarda əməkdaşlıqdır. Biz həmişə Rusiyanın maraqlarına anlayışla yanaşmağa çalışırıq, belə bir istək və təsəvvür var ki, Rusiya tərəfi hansısa formada beynəlxalq platformalarda Ermənistan Respublikasının maraqlarını nəzərə almalıdır. Münasibətlərimizdə beynəlxalq platformalarda əməkdaşlıq mövcuddur və biz bu ənənəni davam etdirmək niyyətindəyik”, – deyə Ararat Mirzoyan bildirib.
Ermənistan xarici işlər naziri qeyd edib ki, Ermənistan Cənubi Qafqazda bütün kommunikasiya yollarını açmağa hazırdır.
“Mən Ermənistanın “Sülhün kəsişməsi” layihəsi çərçivəsində həyata keçirilməsi planlaşdırılan bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına dair baxışını təsdiqləməkdən məmnunam”, – o deyib.







