Azərbaycanda müxalifətçi hakimiyyəti tənqid etdiyinə görə işgəncələrə məruz qalıb

Yanvarın 19-da Müsavat Partiyasının fəalı, keçmiş siyasi məhbus Əlikram Xurşidov Şirvan Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbsə məhkum edilib. Bu barədə Müsavat Partiyasının açıqlamasında bildirilir.
Turana Müsavat Partiyasının Məclis sədri Arif Hacılı bildirib ki, Əlikram Xurşidov Şirvan şəhərində, yaşadığı evdə həbs edilib.
“Yaxınlarının bildirdiyinə görə körpə uşaqlarının da olduğu evə 15-20 nəfər maskalı şəxs tərəfindən basqın edilib. Gecə saat 3 radələrində olan basqından əvvəl onların yaşasığı ərazidə işıqlar söndürülüb. Daha sonra Əlikram Xurşidovun Şirvan şəhər polis şöbəsinə aparıldığı və orada işgəncəyə məruz qaldlğı barədə məlumatlar yayılıb”, Arif Hacılı qeyd edib.
Müsavat Xurşidovun həbsini sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə əlaqələndirir.
Partiya Xurşidovun və bütün digər siyasi məhbusların azadlığa buraxılmasını və repressiyalara son qoyulmasını tələb edib.
Əlikram Xurşidov bundan öncə 2022-ci ildə iyulun 26-da etiraz aksiyasında iştirak zamanı “polisə tabe olmamaq” ittihanı ilə 30 sutka inzibati həbs edilib.
Daha əvvəl 2017-ci il noyabrın 22-də həbs edilib. O Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) və 315.2 (Hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilərək 5 il həbsə məhkum edilib.
Əlikram Xirçidov hər iki ittihamı qəbul etməyib, siyasi sifariş kimi qiymətləndirib. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.
Xurşidov 2019-cu il martın 16-da əfv olunub.







