
Ermənistan və Azərbaycan arasında danışıqlar üçün Yerevan Ermənistan Respublikasının maraqlarından irəli gələn prinsiplərə hörmət edən bütün platformaları qəbul edir.
Bunu Artur Hovhannisyan deyib. Onun sözlərinə görə, Ermənistan Respublikasının və ümumiyyətlə, dövlətlərin suverenlik maraqlarından irəli gələn prinsiplərə hörmətlə yanaşılacağı danışıqlar platformaları Yerevan üçün məqbuldur.
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri də bununla bağlıdır. 9 noyabr bəyanatının 9-cu bəndinə, “Sülhün kəsişməsi” layihəsində təqdim etdiyimiz təkliflərə gəlincə, mən hesab edirəm ki, onlar bir-birindən o qədər də fərqlənmir. Biz hər bir dövlətin suverenliyi altında yolların açılmasından və infrastrukturun yenidən aktivləşdirilməsindən bəhs edirik”, – Hovhannisyan vurğulayıb.
O onu da qeyd edib ki, Ermənistan-Azərbaycan danışıqları çoxtərəfli platformalarda aparılır və Yerevan sülh gündəmini irəli aparmaq üçün bütün imkanlardan istifadə edir.







