
Azərbaycanın müxalifət partiyası “Müsavat”, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin azad və ədalətli olmadığını, xalqın iradəsini əks etdirmədiyini bəyan edib.
Bu barədə partiyanın Mərkəzi Seçki Qərargahının yaydığı rəsmi açıqlamada bildirilir. Yerli media qurumları bu bəyanatı yayıb.
Sənəddə qeyd olunur ki, seçkilər heç bir əsaslandırma olmadan bir aydan çox müddətə təxirə salınıb.
Həmçinin vurğulanır ki, seçkilər demokratik mühit olmadan, siyasi təzyiqlərin müşayiəti ilə və demokratik qanunvericiliyin tələbləri təmin edilmədən keçirilib.
“Seçki kampaniyası dövründə toplaşmaq, söz və ifadə azadlığı təmin olunmayıb, bütün seçki komissiyaları hakimiyyətin nəzarətində olub.
Seçici fəallığı tarixi minimuma enib və seçki məntəqələrinin əksəriyyətində 5%-dən aşağı olub. Məntəqə və dairə seçki komissiyalarından verilən məlumatlar isə reallıqdan çox uzaq olub.
Müxtəlif məntəqələrdə eyni seçicilərin iki dəfə səs verdiyi və saxta bülletenlərin qutulara atıldığı hallar qeydə alınıb. Sosial şəbəkələrdə seçki saxtakarlıqlarını əks etdirən çoxsaylı video materiallar yayılıb”– deyə bəyanatda bildirilir.
“Müsavat” partiyası həmçinin seçki müşahidəçilərinin, jurnalistlərin və məntəqələrdə çəkiliş aparan şəxslərin təzyiqlərə məruz qaldığını qeyd edib.
Partiyanın 30 namizədindən heç birinə seçki nəticələri ilə bağlı rəsmi protokol təqdim edilməyib.
Bəyanatda bildirilir ki, bir çox məntəqə seçki komissiyalarının rəhbərləri Seçki Məcəlləsinin 106.5-ci maddəsini kobud şəkildə pozublar.
Həmin maddə, səsvermə başa çatdıqdan sonra fasiləsiz olaraq səslərin sayılmasını tələb edir.
Lakin bəzi məntəqələrdə komissiyalar fasilə elan edərək “səsləri sabah sayacaqları” bəhanəsi ilə müşahidəçiləri məntəqədən uzaqlaşdırıblar.
Bir çox seçki məntəqəsində səslər ümumiyyətlə sayılmayıb, bülletenlər sellofan torbalara doldurularaq dairə seçki komissiyalarına göndərilib.
Seçkilərin ilkin nəticələri isə seçki qutularındakı real bülletenlərin hesablanması əsasında deyil, hökumətin istədiyi formada elan edilib.
“Müsavat” hesab edir ki, bələdiyyə seçkiləri beynəlxalq standartlara və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun keçirilməyib.
Partiya seçkilərin nəticələrinin ləğv olunmasını, demokratik islahatların, o cümlədən seçki islahatlarının həyata keçirilməsini və yeni seçkilərin keçirilməsini tələb edir.
Qeyd edək ki, bundan əvvəl Factor TV də Azərbaycanda bələdiyyə seçkilərinin kütləvi qanun pozuntuları şəraitində keçirildiyini bildirmişdi.







