
ABŞ Konqresi Beynəlxalq Dini Azadlıqlar Sammiti çərçivəsində bir sıra müzakirələrə ev sahibliyi edib.
Bu müzakirələr zamanı çıxışçılar Dağlıq Qarabağın erməni əhalisinin hüquqları, Azərbaycanda saxlanılan erməni əsirlər və məhbuslar, Dağlıq Qarabağda erməni mədəni irsinə qarşı təhdidlər barədə danışaraq, ABŞ-ın hazırkı administrasiyasını bu məsələlərlə bağlı tədbirlər görməyə çağırıblar.
“Amerikanın Səsi”xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
Dini təqiblər və azadlıqlar mövzusunda keçirilən müzakirələrdə ABŞ konqresmenləri, insan hüquqları müdafiəçiləri və ictimai xadimlər iştirak ediblər.
Tədbirdə Beynəlxalq Dini Azadlıqlar Sammitinin həmsədrləri Sem Braunbek və Katrina Lantos Svet iştirakçıları salamlayıblar.
Müzakirələrdə iştirak edən respublikaçı konqresmenlər Qas Bilirakis və Kris Smit insan hüquqlarına və dini azadlıqlara hörmət və müdafiənin vacibliyini vurğulayıblar.
Konqresmen Kris Smit, erməni məsələlərinə toxunaraq, ABŞ-ın əvvəlki administrasiyasının siyasətini tənqid edib. O, xüsusilə Dağlıq Qarabağın erməni əhalisi məsələsində keçmiş administrasiyanın uğursuz siyasət apardığını bildirib və Türkiyəni – Erməni Soyqırımını inkar etdiyi üçün, Azərbaycanı isə – Dağlıq Qarabağda həyata keçirdiyi etnik təmizləməyə görə pisləyib.
“Mən İlham Əliyevlə iki dəfə təkbətək görüş keçirmişəm, onun kabinetində– erməni xalqına qarşı apardığı siyasət və insan hüquqları sahəsində tutduğu mövqe barədə, xüsusilə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı onunla mübahisə etmişəm.
Hesab edirəm ki, biz Ermənistan xalqı ilə dostluğumuzu və əməkdaşlığımızı daha da dərinləşdirməliyik və bunu açıq şəkildə bildirməliyik”– deyə konqresmen Smit vurğulayıb.
Məlumata görə, Ermənistana aid olan müzakirələr zamanı çıxışçılar yenidən Dağlıq Qarabağın erməni əhalisinin hüquqları, Azərbaycanda saxlanılan erməni əsirlər və məhbuslar, erməni mədəni irsinə qarşı təhdidlər məsələlərini qaldırıblar və ABŞ administrasiyasını bu məsələlərlə bağlı konkret addımlar atmağa çağırıblar.
Vaşinqtonun Erməni Məsələləri Komitəsinin icraçı direktoru Aram Hambaryan bildirib ki, Tramp administrasiyasının ilk günlərində keçirilən bu sammit əvvəlki administrasiyanın siyasətini dəyişmək və onu daha məsuliyyətli etmək üçün bir fürsətdir.
O, ümid edir ki, ABŞ-ın hazırkı administrasiyası Azərbaycana qarşı sanksiyalar tətbiq edəcək, Bakıya hərbi yardımın qarşısını alan 907-ci düzəlişi aktiv edəcək, Azərbaycanda saxlanılan erməni məhbusların azad olunması və Dağlıq Qarabağın erməni əhalisinin ləyaqətli şəkildə geri qayıtması üçün tədbirlər görəcək.
“Bu sammit erməni xalqını narahat edən məsələlərlə bağlı koalisiya tərəfdaşlarının və xristian dostlarımızın dəstəyini almaq üçün yaxşı bir imkandır.
Amma bu, həm də bizim üçün Nigeriya, Suriya, Çin və ya dünyanın başqa bölgələrində çətinliklərlə üzləşən xristianlara kömək etmək üçün çox çalışmaq fürsətidir” – deyə Hambaryan qeyd edib.
Öz növbəsində, Beynəlxalq Dini Azadlıqlar Sammiti çərçivəsində müzakirələrdən birinin sponsoru – Amerika Erməni Assambleyasının nümayəndəsi Mariyam Xaloyan vurğulayıb ki, bu sammit digər icmalar və qruplarla dialoq qurmaq, qarşılıqlı problemlər haqqında məlumatlılığı artırmaq üçün əla fürsətdir.
“Biz son illərdə Qarabağda baş verən etnik təmizləmələr və proseslər barədə məlumatlılığı artırırıq və vurğulayırıq ki, Azərbaycan erməni irsinə, mədəni və dini abidələrə qarşı soyqırım siyasətini davam etdirir” – deyə Xaloyan bildirib.
Sammitin tədbirləri fevralın 4-də başlayacaq, çərçivəsində müxtəlif müzakirələr, insan haqları müdafiəçilərinin, fəalların, din xadimlərinin və liderlərin çıxışları planlaşdırılır.
Məlumdur ki, sammitdə Ermənistanın Baş naziri Nikol Paşinyan da çıxış edəcək, o hazırda Vaşinqtonda rəsmi səfərdədir. Sammit çərçivəsində həmçinin ABŞ-ın vitse-prezidenti Cey Di Vensin də çıxışı nəzərdə tutulur.







