
Baş nazir Nikol Paşinyan Vaşinqtonda Beynəlxalq Dini Azadlıq zirvə toplantısında iştirak edib, çıxış edib və moderator Devid Kariyin suallarını cavablandırıb.
Devid Kari: SUAL: – Cənab Baş nazir, bu tədbirdə iştirak etdiyiniz üçün təşəkkür edirəm, bu, bizim üçün böyük bir şərəfdir. Bu gün ən vacib sual, Sizin yaşadığınız mürəkkəb regionda sülhə necə nail olmaqdır. “Sülh kəsişməsi” təşəbbüsünüz münasibətilə Sizi təbrik etmək istəyirəm. Zəhmət olmasa, bu təşəbbüslə bağlı hansı perspektivlərin olduğunu bizimlə bölüşün.
Baş nazir Nikol Paşinyan: CAVAB: – Bir daha təşəkkür edirəm. Bu, həqiqətən də böyük bir imkan və şərəfdir. Bəli, biz “Sülh kəsişməsi” adlanan bir proqrama başladıq.
Bu, ilk növbədə, bizim regionda kommunikasiyaların açılması ilə bağlıdır. Amma bu, təkcə nəqliyyat kommunikasiyaları ilə məhdudlaşmır, çünki əgər məsələyə dini dözümlülük baxımından yanaşsaq, bu, həm də insanlar arasında ünsiyyət deməkdir.
Çünki nəqliyyat yolları açıq olduqda, ilk növbədə, insanlar bir-biri ilə əlaqə qurmaq imkanı əldə edirlər. Bu isə sabit və dayanıqlı sülh üçün çox mühüm amildir. Bu, bizim region ölkələrinə açıq təklifimizdir və əlbəttə ki, biz bu layihənin həyata keçirilməsi üçün hər bir ölkə ilə işləyirik.
SUAL: – Möhtəşəmdir. Min illər boyunca Ermənistan İbrahimi dinlərin kəsişmə nöqtəsində yerləşib. İqtisadiyyat çərçivəsindən kənara çıxaraq, Ermənistan mədəni aspektdə müsəlmanlar, xristianlar, yəhudilər və digərləri arasında dinlərarası dialoqun bir hissəsinə necə çevrilə bilər?
CAVAB: – Artıq qeyd etmişəm ki, ölkəmizdə müxtəlif dini icmalar mövcuddur. Ölkəmizdə dini icmalar arasında gərginlik yoxdur. Təbii ki, dünyanın hər yerində olduğu kimi, müəyyən qüvvələr var ki, xaricdən təxribatçı addımlar atmağa çalışırlar.
Lakin bizim institutlarımız bu cəhdlərə uğurla cavab verir və heç kimin dini icmalar arasında gərginlik yaratmasına imkan vermir.
Ölkəmizdə həqiqi dialoq mövcuddur. Dediyim kimi, bizdə dünyanın ən böyük yezidi icmalarından biri yaşayır və bu icma bizim ölkəmizin və milli irsimizin çox mühüm bir hissəsidir.
Təbii ki, biz müsəlmanlara, yəhudilərə və digər dini qruplara böyük hörmət bəsləyirik. Artıq bildirmişəm ki, Ermənistanın ən böyük dini qurumu Ermənistan Opostol kilsəsidir, amma bizdə həmçinin Ermənistan Katolik kilsəsi və digər kilsələr də var. Bu, bizim üçün çox mühüm bir ənənədir.







