
İranın ER-da olan Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani bəyan edib ki, İran diplomatik yollarla Cənubi Qafqazda yeni eskalasiyanın qarşısını almaq üçün əlindən gələni edəcək.
Alınan məlumata görə, səfir bu fikri mətbuat konfransında, İranın müəyyən etdiyi “qırmızı xətlər”in aşılması və Azərbaycanın Ermənistana hücum etməsi ehtimalı ilə bağlı suala cavab verərkən səsləndirib.
“Biz mübahisəli məsələlərin diplomatik dialoq vasitəsilə həll edilməsinin tərəfdarıyıq və bölgədə problemlərin güc tətbiq etməklə həll olunmasına qəti şəkildə qarşıyıq.
Cənubi Qafqaz regionunun yeni gərginlik mərhələsinə daxil olmaması üçün bütün səylərimizi, eləcə də Azərbaycan və digər ölkələrlə münasibətlərimizi işə salacağıq. Güc tətbiq etməklə dəhliz açmaq qəbuledilməzdir.
İran Ermənistanın mövqeyini paylaşır ki, hər hansı bir ölkənin ərazisindən keçən yollar yalnız həmin ölkənin suverenliyi altında fəaliyyət göstərməlidir. Bu, beynəlxalq səviyyədə tanınan hüquqdur.
Əgər Ermənistana qarşı təcavüz həyata keçirilərsə, düşünürəm ki, ilk növbədə Ermənistan özünü müdafiə etməyə qadirdir.
Ermənistanın müdafiə imkanları zəif deyil və bu potensialı kiçiltmək olmaz”– deyərək səfir Sobhani vurğulayıb.







