İran bölgədə “Zəngəzur dəhlizi” məsələsində Ermənistanla eyni mövqedə olan yeganə ölkədir. İran bu məsələdə Ermənistanın yanında dayanır, çünki bu, həm Ermənistana, həm də İrana ziyan vurur.
Alınan məlumata görə, yanvarın 6-da keçirilən mətbuat konfransında bu fikirləri İranın Ermənistandakı səfiri Mehdi Sobhani səsləndirib.
“Bölgə ölkələrindən yalnız İran bu məsələdə Ermənistanın yanındadır. Bizim bu məsələdə Ermənistanla heç bir fikir ayrılığımız yoxdur və eyni cür düşünürük.
“Zəngəzur dəhlizi” həm İrana, həm də Ermənistana zərərlidir” – deyə səfir bildirib.
Rusiya rəsmilərinin bəyanatlarından belə nəticə çıxarmağın mümkün olub-olmaması ilə bağlı suala cavab verən Sobhani vurğulayıb:
“Biz mövqeyimizi həm Rusiyaya, həm də digər ölkələrə açıq şəkildə bildirmişik.
Biz “dəhliz məntiqinə” qarşıyıq, beynəlxalq nəzarət altında olacaq hər hansı yola qarşıyıq, eləcə də sərhədlərin dəyişdirilməsinə səbəb ola biləcək istənilən prosesə qarşıyıq.
Bu məsələdə bizim mövqeyimiz qətidir və digər ölkələrin bu mövzudakı fikirlərini nəzərə almırıq. Bəzi ölkələr İranın bu məsələdə mövqeyindən geri çəkildiyini iddia etməyə çalışırlar.
Lakin bu, bizim milli təhlükəsizliyimizlə bağlıdır. Biz öz milli təhlükəsizliyimiz məsələsində qətiyyətliyik. Bizim mövqeyimiz budur.
Digər ölkələrin mövqeyini bizim mövqeyimizlə müqayisə edin, əgər üst-üstə düşmürsə, demək ki, bizim həmin ölkə ilə fikir ayrılığımız var. Bizim üçünönəmlik öz ölkəmizin maraqlarıdır” – deyə səfir vurğulayıb.
Sobhani həmçinin İranın “Zəngəzur dəhlizi” məsələsində mövqeyindən geri çəkilməyəcəyini və bu məsələdə heç bir ölkə ilə sövdələşməyə getməyəcəyini açıq şəkildə bəyan edib.







