BaşlıcaSiyasət

“Geğard” Fondu: “Zəngəzur dəhlizi” layihəsi Azərbaycanın Ermənistanla bağlı əsassız tələblərindən biridir”

Son dövrlərdə “Zəngəzur dəhlizi” mövzusu Cənubi Qafqaz regionuna aid beynəlxalq və dövlətlərarası müzakirələrin bir hissəsi olaraq qalır. Bu barədə “Geğard” Analitik Fondu məlumat yayıb.

“Zəngəzur dəhlizi” layihəsi Ermənistan Respublikasına qarşı Azərbaycanın bir çox əsassız tələblərindən biridir. Bu layihənin məqsədi Ermənistanın öz suveren ərazisinin bir hissəsi üzərində nəzarətini sarsıtmaq, Ermənistan-İran sərhədini kəsmək və Bakını Naxicevan və Türkiyə ilə birləşdirməkdir.

Keçmişdə, aparılan danışıqlar zamanı Azərbaycanın Sünikin cənubundan Naxicevana yol əldə etməsi məsələsi dəfələrlə müzakirə olunub. Lakin 2020-ci ildən sonra Prezident İlham Əliyev Ermənistan tərəfindən tamamilə nəzarətsiz bir “dəhliz” tələb etməyə başlayıb.

Azərbaycan hakimiyyəti 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın 9-cu maddəsinə istinad edərək, onu öz maraqlarına uyğun şəkildə şərh edir. Lakin qeyd etmək lazımdır ki, Bakı həmin sənəd üzrə öz öhdəliklərini kobud şəkildə pozub.

Son 4 ildə “dəhliz” tələbi mütəmadi olaraq gündəmə gətirilib, lakin müəyyən dövrlərdə Əliyevin ictimai çıxışlarında əsas mövzu olmayıb.

2024-cü ilin avqust ayında məlumat yayıldı ki, Ermənistan və Azərbaycan arasında qarşılıqlı razılıq əsasında regional kommunikasiyalarla bağlı maddənin sülh müqaviləsi layihəsindən çıxarılması qərara alınıb.

Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilk dəfə məlumat verib. O bildirib ki, “Danışıqlar prosesinə töhfə verən amillərdən biri də odur ki, Azərbaycan və Ermənistan qalan məsələlər içində ən mübahisəlisi ilə bağlı razılığa gəliblər”.

Azərbaycan rəsmisi bu məsələnin Azərbaycan ərazisinin qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat yollarının təşkili ilə bağlı olduğunu aydınlaşdırıb.

Azərbaycan tərəfinin bu bəyanatına cavab olaraq, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib:

“Qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən regional kommunikasiyalarla bağlı maddə çıxarılıb. Qeyd etmək lazımdır ki, onların effektiv açılması regionda sülh və iqtisadi inkişaf baxımından Ermənistanın baxışının və irəli sürdüyü gündəliyin mühüm hissəsi olaraq qalır.

Bu, Ermənistan hökumətinin təqdim etdiyi “Sülh Çarpazı” proqramında ən yaxşı şəkildə əks olunub və suverenlik, yurisdiksiyanın qorunması, qarşılıqlılıq və bərabərlik kimi tanınmış prinsiplərə əsaslanır”.

“Zəngəzur dəhlizi” məsələsi və bölgədəki geosiyasi qarşıdurmalar

Görünürdü ki, bu razılaşma kommunikasiyaların açılması mövzusu ətrafında gedən müzakirələri müəyyən qədər zəiflətməli və “Zəngəzur dəhlizi” ilə bağlı Bakı planlarını informasiya mühitindən kənarlaşdırmalı idi.

Lakin 2025-ci ilin yanvar ayının əvvəlində Prezident İlham Əliyev yenidən hədələyici bəyanatlarla “dəhliz” tələb edib və bu mövzuya yanvar ayının sonunda nəqliyyat məsələlərinə dair keçirilən müşavirədə də toxunub. Əliyevin fikrincə, “Zəngəzur dəhlizi” artıq beynəlxalq dövriyyəyə daxil olmuş bir termindir.

Növbəti təhdidedici açıqlamalarından əvvəl Əliyev güc nümayişi həyata keçirib. Türkiyə və Azərbaycan silahlı qüvvələrinin yüksək rütbəli rəsmiləri arasında qarşılıqlı səfərlər, hərbi büdcənin artırılması ilə bağlı bəyanatlar, müxtəlif ölkələrdən silah tədarükü, Türkiyədə – Ermənistan sərhədinə yaxın ərazidə birgə türk-azərbaycan hərbi təlimlərinin keçirilməsi bu güc nümayişinin bir hissəsi olub.

Rusiya – İran ziddiyyətləri

2024-cü ilin sentyabrında “dəhliz” məsələsi ilə bağlı Rusiya Federasiyası və İran İslam Respublikası arasında yenidən ziddiyyətlər yaşandı.

İran tərəfi narahatlığını ifadə edərək bildirdi ki, Moskva Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması kontekstində Tehranın maraqlarını tapdalamağa və İranın dəfələrlə vurğuladığı “qırmızı xətləri” pozmağa çalışır.

Moskvanın Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” narrativinə dəstək verməsi İranda ciddi etirazlara səbəb oldu.İranın bir sıra yüksək səviyyəli rəsmiləri Moskvadan izahat tələb edərək Rusiya rəsmilərinin bu məsələ ilə bağlı bəyanatlarından narazılıqlarını açıq şəkildə bildirdilər.

Məsələn, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fada Hüseyn Maliki “Tasnim” agentliyinə verdiyi müsahibədə qeyd etdi ki, İran Moskvanın Tehranla münasibətlərdə paradoksal davranışlardan çəkinəcəyini gözləyir.

O əlavə etdi ki, İran diplomatiyası “Zəngəzur dəhlizi”nə dəstək verən Rusiya Prezidentinin son mövqelərinə sərt reaksiya verəcək. Maliki Rusiyanın ikili standartlarını tənqid edərək və “Zəngəzur dəhlizi”nin yaradılması ilə bağlı Moskvanın mövqeyini “arxadan vurulan bıçaq” adlandırdı.

İranın bu açıqlamaları 2024-cü il avqustun 18-19-da Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ilə birbaşa əlaqəli idi. Tehranın narahatlığı göstərirdi ki, bu səfər zamanı həm Tehran, həm də Yerevan üçün ciddi təhlükə yaradan bəyanatlar səsləndirilib.

“Zəngəzur dəhlizi” mövzusu ilə bağlı müxtəlif ekspertlərin və analitiklərin fikirləri də mediada yayımlandı. Xüsusilə diqqət çəkən məqamlardan biri İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhaninin bəyanatı oldu. O açıq şəkildə bildirdi ki, “Zəngəzur dəhlizi ilə bağlı bütün xəyallar və illüziyalar heç vaxt gerçəyə çevrilməyəcək”.

İranın bu narahatlıqlarına günlər sonra Rusiya tərəfindən reaksiya verildi. Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Tehranın narahatlıqlarına toxunaraq bildirdi ki, “Rusiya İrana “Zəngəzur dəhlizi” ilə bağlı bütün lazımi izahatları verib”.

Bundan sonra Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiani ilə görüşündə vurğuladı ki, “Rusiya Zəngəzurla bağlı Tehran və Moskva arasında əvvəlki razılaşmalara sadiqdir və bu məsələdə Rusiyanın siyasəti dəyişməz olaraq qalır”.

“Zəngəzur dəhlizi” terminini kimlər istifadə edir?

Prezident Əliyevin “Zəngəzur dəhlizi” termininin artıq beynəlxalq dövriyyəyə daxil olduğu barədə iddiası əsasən Bakı, Ankara və bəzi türk dövlətləri ilə məhdudlaşır.

Bölgədə və bölgədən kənarda marağı olan digər dövlətlər və beynəlxalq təşkilatlar bu termini istifadə etmirlər. Yeganə istisna 2024-cü ilin oktyabrında Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun bu termindən istifadə etməsi oldu ki, bu da İranda ciddi narazılığa səbəb oldu.

Bunun ardınca, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan etdi ki, “Rusiya “Zəngəzur dəhlizi” terminini istifadə etmir”. Lakin bu açıqlamalar rəsmi bəyanatlardan kənar müəyyən razılaşmaların ola biləcəyini istisna etmir.

Azərbaycanın “dəhliz” məsələsini siyasi alət kimi istifadə etməsi

Prezident Əliyevin bu məsələni manipulyasiya etməsi və fərqli ritorikalardan istifadə etməsi diqqət çəkir.

O, bəzən açıq-aşkar hədə-qorxu gələrək Ermənistanın “dəhliz” (yəni, ərazi) verməsini tələb edir, bəzən isə əks mövqe bildirərək Ermənistanın razılaşmaması halında iqtisadi itkilərə məruz qalacağını iddia edir. Alternativ olaraq İran ərazisindən yeni yol çəkməkdən və bu marşrutu istifadə etməkdən bəhs edir.

Bu siyasət digər maraqlı tərəflərlə danışıqlarda təzyiq vasitəsi kimi istifadə olunur.

Nəticə

Cənubi Qafqazda kommunikasiyaların mümkün açılması və ya açılmaması həm bölgədaxili, həm də bölgədənkənar güclərin maraqlarına təsir edən bir məsələdir.

Cənubi Qafqazın strateji loqistik əhəmiyyəti nəzərə alındıqda, aydın olur ki, hər bir güc bu və digər məsələlərdə öz maraqlarına uyğun vəziyyət əldə etməyə çalışır.

Baxmayaraq ki, Azərbaycan rəhbərliyi zaman-zaman Ermənistan ərazisinə iddia etmədiyini bildirir, lakin Əliyevin siyasəti əksini göstərir.

“Qərbi Azərbaycan”,”şərti sərhəd”, “tarixi reallıqlar nəzərə alınmaqla delimitasiya” kimi terminlər onun Ermənistanın ərazi bütövlüyünü tanımaq niyyətində olmadığını sübut edir.

Yanvarın 28-də keçirilən müşavirədə Əliyev belə bir “konsensus”un artıq formalaşdığını iddia edərək, bu manipulyasiya siyasətini davam etdirdi.

Daha çox göstər
Back to top button