Rusiyanın Azərbaycandakı şəbəkəsi – Siyahıda kimlər var?

Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. “Qafqazinfo” saytı qeyd edir ki, bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub.
“Əslində, Rusiyanın Azərbaycanda belə bir şəbəkə qurduğu və onun vasitəsilə ictimai-siyasi proseslərə təsir göstərməyə çalışdığı bu günün söhbəti deyil. Zaman-zaman bəzi şəxslər Rusiyaya işləməkdə də ittiham olunublar, ən azından buna eyham vurulub”, – saytda qeyd edilir.
Bildirilir ki, “Qafqazinfo”ya daxil olan məlumat həqiqətən də belə bir şəbəkənin mövcud olduğuna heç bir şübhə yeri qoymur.
“Azərbaycanda Rusiya şəbəkəsinə gəldikdə, artıq faktlarla da belə bir şəbəkənin mövcud olduğu təsdiqini tapıb. Şəbəkə üzvlərinin vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışdığı, yeyib-içmək məclislərinin təşkil olunduğu, sağlıqlar deyildiyi məlumdur. Şəbəkə Moskvadan təyin olunmuş və tez tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunub.
Şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb”, deyə saytda qeyd edilir.







