
Fevralın 11-də Ermənistan Xarici işlər nazirliyində Konsulluq İdarəsi və Avropa İdarəsi, o cümlədən Avropa Birliyi bölməsinin nümayəndələri və AB-dən gələn nümayəndə heyətinin iştirakı ilə işgüzar görüş keçirilib.
Görüş zamanı Ermənistan-AB viza rejiminin sadələşdirilməsi haqqında sazişin icrası müzakirə olunub.
Ermənistan XİN-in və xarici ölkələrdəki Ermənistan səfirliklərinin həyata keçirdiyi konsulluq fəaliyyətləri təqdim edilib. Bu barədə Ermənistan Xarici işlər nazirliyi məlumat yayıb.
Avropa Birliyinin nümayəndə heyətinə AB-nin müvafiq idarələrinin, Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin və AB-nə üzv ölkələrin nümayəndələri daxildir.
Onlar fevralın 10-14-də Ermənistan-AB viza liberallaşdırılması üzrə dialoq çərçivəsində Ermənistanda səfərdə olacaqlar. Səfərin məqsədi sənədlərin təhlükəsizliyi, sərhədlərin və miqrasiya idarəçiliyinin vəziyyəti və əlaqədar digər sahələrdə Ermənistanın hazırlıq səviyyəsini ümumi şəkildə qiymətləndirməkdir.
Bu qiymətləndirmə Ermənistan-AB viza liberallaşdırılması dialoqunun fəaliyyət planının hazırlanmasına töhfə verəcək.







