
Ermənistan parlamentinin sədri Alen Simonyan əmindir ki, regionda kommunikasiyaların açılması kontekstində Azərbaycan Naxicevana bağlanacaq istənilən yolu “dəhliz” adlandıracaq.
Alınan məlumata görə, Simonyan bu barədə parlamentdə jurnalistlərlə söhbəti zamanı bildirib.
O, vurğulayıb ki, danışıqlar elə məntiqlə aparılır ki, açılacaq yollar dövlətlərin suverenliyi çərçivəsində olacaq. Simonyan qeyd edib ki, Azərbaycan üçün eksklavı ilə əlaqənin yaradılması çox vacibdir və Ermənistan bununla bağlı mövqeyini və təkliflərini artıq təqdim edib.
Azərbaycan tərəfindən səsləndirilən ritorikaya toxunan parlament sədri bildirib:
“Hansı yol olursa-olsun, biz onu ən yaxşı şəkildə təsəvvür etsək də, onlar ən pis formada görsələr də, yenə də ona dəhliz adını verəcəklər.
Bunu qəbul edək. Əgər heç bir imtiyaz olmasa belə, onlar siyasi baxımdan yenə də bunu “dəhliz” adlandıracaqlar. Ermənistanın suverenliyi çərçivəsində olmayan, bizim qanunvericiliyimizin təsirindən kənarda qalan istənilən “dəhliz” bizim üçün qəbuledilməzdir.
Nəticə nə olursa-olsun, onlar yenə də iddia edəcəklər ki, biz öz “dəhlizimizi” əldə etdik. Özlərinə lazım olan məqamda istədikləri kimi də şərh verirlər”.
Simonyanın sözlərinə görə, “dəhliz” məsələsi o vaxt ortaya atılıb ki, məqsəd Rusiya qoşunlarını ora gətirmək və onların həmin “dəhlizə” nəzarət etməsini təmin etmək olub.







