
Nazir Gevorq Papoyan fevralın 13-də Ermənistandakı ABŞ-ın Fövqəladə və səlahiyyətli səfiri Kristina Alison Kvini qəbul edib.
Görüşdə həmçinin nazir müavini Narek Hovakimyan da iştirak edib. Bu barədə jurnalistə Ermənistan İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Görüşün əvvəlində nazir Ermənistan hökumətinin iqtisadiyyat sahəsində baxışını qısaca təqdim edib. Onun sözlərinə görə, bu baxışın əsasını innovasiya, dayanıqlıq və qlobal bazarlar üçün əlçatanlıq təşkil edir.
“Hazırda biz ixracın şaxələndirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və xarici investisiyaların cəlb olunması istiqamətində addımlar atırıq.
Bu kontekstdə ABŞ kimi tərəfdaşların rolu bizim üçün olduqca vacibdir” – deyə Gevorq Papoyan bildirib.
Daha sonra tərəflər Ermənistan və ABŞ arasında iqtisadi əməkdaşlığın perspektivlərini və ixracın şaxələndirilməsi, mədən sənayesi, əczaçılıq, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Gevorq Papoyan Ermənistanın Amerika bazarına marağını vurğulayaraq orada Erməni şərablarının tanınmasının və təşviqinin artırılmasını vacib hesab etdiyini bildirib.
Bu məqsədlə o, amerikalı jurnalistlərin və influenserlərin Ermənistana səfərinin təşkili imkanlarını nəzərdən keçirməyi təklif edib.
Görüşdə, həmçinin Ermənistanda əlverişli biznes mühiti və iqtisadiyyatda geniş investisiya imkanları müzakirə olunub.
Tərəflər birgə proqramların gedişatı barədə fikir mübadiləsi aparıb və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.







