
İran İslam Respublikasının Xarici işlər nazirinin müavini Macid Taxt-Ravançi, İranın regionun geosiyasətinin dəyişməzliyi ilə bağlı mövqeyini qoruyub saxladığını bir daha təsdiqləyib.
İranın IRNA agentliyinə istinadən verdiyi məlumata görə, o, bu barədə İranda Ermənistanın Fövqəladə və səlahiyyətli səfiri Qriqor Hakopyan ilə görüşü zamanı bildirib.
O, qeyd edib ki, Ermənistan ilə münasibətlərin inkişafı İranın xarici siyasətinin önəmliklərindən biridir.
Görüş zamanı tərəflər Ermənistan və İran arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Macid Taxt-Ravançi vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq üçün bütün lazımi şərait mövcuddur.
Qriqor Akopyan isə öz növbəsində, İran İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə təbriklərini çatdırıb və bildirib ki, Ermənistan hökuməti və xalqı üçün İranla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin dərinləşdirilməsi böyük əhəmiyyət kəsb edir.
Görüş zamanı tərəflər, həmçinin, regional gündəmin aktual məsələləri ətrafında fikir mübadiləsi apararaq, regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın vacibliyini vurğulayıblar.







