
Moldovada ölkə hakimiyyətinin qərarı ilə Rusiyanın elm və mədəniyyət mərkəzi – “Rus Evi” bağlanacaq
Bu barədə cümə axşamı Moldova Xarici işlər nazirliyinin mətbuat xidməti məlumat verib və qərarın Rusiyaya məxsus zərbə dronlarının ölkənin hava məkanını pozması ilə əlaqədar qəbul edildiyini bildirib.
Moldovanın Xarici işlər nazirliyi birtərəfli qaydada 1998-ci ildə imzalanmış Moldova-Rusiya hökumətlərarası müqaviləsini – mədəniyyət mərkəzlərinin yaradılması və onların fəaliyyəti barədə razılaşmanı ləğv etmək qərarına gəlib.
Bundan əvvəl Moldovanın Prezidenti Maya Sandu bildirmişdi ki, Ukraynanın Odessa vilayətinə edilən rus dron hücumu zamanı iki pilotsuz uçuş aparatı Moldovanın hava məkanına daxil olub və orada partlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Rusiya səfiri Oleg Ozerov təcili olaraq Moldovanın Xarici işlər nazirliyinə çağırılıb. Moldova tərəfi hava məkanının pozulması ilə bağlı sərt etirazını bildirib.
Belə insidentlərin ölkənin təhlükəsizliyi və vətəndaşları üçün ciddi təhlükə yaratdığını, milli suverenliyin pozulması kimi qiymətləndirildiyini vurğulayıb.
Bu hadisə “Rusiyanın növbəti qeyri-dost jesti” kimi qiymətləndirilib. Səfirə pilotsuz uçuş aparatlarının qalıqları nümayiş etdirilib.







