
Ermənistan və Fransa arasında müdafiə əməkdaşlığı hələ yeni olsa da, çox sürətlə inkişaf edir. 2025-ci ildə bu əməkdaşlığın üç əsas istiqaməti olacaq.
Bunu Ermənistanın İctimai Radiosuna müsahibəsində Ermənistandakı Fransa-nın Fövqəladə və Səlahiyyətli Səfiri Olivye Dekotinyin bildirib.
“Birincisi, Ermənistana müdafiə texnikasının təmin edilməsi. Fransa, yeri gəlmişkən, Ermənistana müdafiə texnikası təqdim edən yeganə Qərb ölkəsidir.
Ümid edirik ki, digər ölkələr də bizim izimizlə gedəcək.
İkinci istiqamət erməni hərbçilərin həm Ermənistanda, həm də Fransada təlimidir.
Üçüncü istiqamət isə Ermənistanın Müdafiə nazirliyinə göstərilən məsləhət xidmətləridir ki, bu da erməni ordusunun islah edilməsinə və gücləndirilməsinə şərait yaradacaq” – deyə səfir vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 8 yanvar tarixli, “Fransa və Ermənistana silah tədarük edən digər ölkələr bu müqavilələri ləğv etməlidir, Ermənistan dərhal silahlanmağı dayandırmalıdır” və “Ermənistana göndərilən silahlar geri qaytarılmalıdır” ifadələrinə istinad edən səfir belə reaksiya verib:
“Rəsmi Parisin mövqeyi budur ki, Ermənistanla müdafiə sahəsində əməkdaşlıq davam edir. Və bu əməkdaşlıq eyni məqsədlə – Ermənistanın öz ərazisini, əhalisini və suverenliyini qorumağına kömək etmək üçün davam edir”.
Mətn factor.am-ə məxsusdur.







