
Rusiya, “Rossiya Segodnya” beynəlxalq media qrupuna məxsus Sputnik agentliyinin Azərbaycandakı nümayəndəliyinin bağlanması məsələsi ilə bağlı Bakı ilə əlaqədədir və konstruktiv cavab gözləyir.
Bu barədə RIA Novosti-nin məlumatına görə, Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
“Bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə əlaqədəyik. Bu vacib məsələ ilə bağlı mövqeyimizi azərbaycanlı tərəfdaşlarımıza çatdırmışıq.
Düşünürəm ki, bu məsələ Bakı üçün də az əhəmiyyətli deyil. Biz konstruktiv cavab gözləyirik” – deyə Zaxarova vurğulayıb.
Bundan əvvəl Azərbaycan Xarici işlər nazirliyinin sözçüsü Ayxan Hacızadə ölkədə BBC və “Rossiya Segodnya” (Sputnik Azərbaycan) nümayəndəliklərinin ləğv edildiyini açıqlamışdı.
Bununla yanaşı, Sputnik agentliyinin tərkibinə daxil olan “Rossiya Segodnya” beynəlxalq media qrupunun mətbuat xidməti RIA Novosti-yə bildirib ki, onlar hələlik rəsmi bildiriş almayıblar.







