Avropa Ukraynanı raket hücumlarından qorumaq üçün müdafiə təklif edib

Qərb hərbçiləri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə Sky Shield (“Səma Qalxanı”) adlı bir layihə hazırlayıblar.
The Guardian qəzetinin məlumatına görə, bu təşəbbüs çərçivəsində Avropa İttifaqına məxsus 120 döyüş təyyarəsindən ibarət hava qüvvələri Qərbi Ukraynada yerləşdiriləcək.
Layihənin Britaniya Kral Hərbi Hava Qüvvələrinin keçmiş planlaşdırıcıları və Ukrayna Silahlı Qüvvələri tərəfindən hazırlandığı bildirilir.
Sky Shield proqramının əsas məqsədi Ukraynanın qərb hissəsini qanadlı raketlərdən qorumaqdır. Döyüş təyyarələri Avropanın hərbi bazalarından havaya qalxaraq Ukrayna Hərbi Hava Qüvvələri ilə sıx koordinasiyada fəaliyyət göstərəcək.
Bu təşəbbüslə Ukrayna hərbi hava qüvvələrinin resurslarını azad etmək planlaşdırılır ki, onlar şərq cəbhəsinə yönləndirilə bilsinlər.
Bundan əlavə, Ukraynanın enerji infrastrukturunun bərpası da əsas məqsədlərdən biri kimi qeyd olunur.
Qərb hərbçilərinin fikrincə, Avropa qırıcı təyyarələrinin patrul uçuşları Kiyevi raket və PUA hücumlarından qorumağa kömək edə bilər.
Sənəddə vurğulanır ki, “Sky Shield” proqramı Ukraynaya 10 min Avropa əsgəri göndərməkdən daha əhəmiyyətli təsir göstərə bilər.
Bundan öncə Financial Times qəzeti yazmışdı ki, ABŞ Ukraynaya hərbi yardımını dayandıracağı təqdirdə, Avropa ölkələri Patriot hava hücumundan müdafiə sistemlərini əvəz etmək üçün Ukraynaya öz SAMP-T raket komplekslərini verə bilərlər.







