
Avropa Parlamentində “Dağlıq Qarabağın yüksək səviyyəli siyasi nümayəndələri də daxil olmaqla, Azərbaycan tərəfindən erməni girovlarının qanunsuz həbsləri və saxta məhkəmələri” adlı müzakirə keçirilib və avropalı deputatlar Bakıda saxlanılan erməni əsirlərin vəziyyətindən narahat olduqlarını bildiriblər.
Rumıniyalı deputat Vasile Dinçu bəyan edib ki, Bakıda saxlanılan erməni siyasi məhbusların vəziyyəti Qafqazda ədaləti, sabitliyi və sülhü ciddi şəkildə şübhə altına alır.
“Qafqazda sülh və sabitlikdən söhbət gedəndə Avropa Parlamenti heç vaxt öz prinsiplərindən kənara çıxmayıb. O, həmişə Ermənistanın suverenliyini və müstəqilliyini dəstəkləyib. Keçən ilin mart və oktyabr aylarında bizim bir sıra qətnamələrimiz olmuşdur.
Dinçu Azərbaycan rəsmilərinə, xüsusən də “məhkəmə hüquq pozuntularında” iştirak edənlərə qarşı sanksiyaların tətbiqinə çağırıb.
Portuqaliyanı təmsil edən Katarina Vieyra Azərbaycanın dərin insan haqları böhranı ilə üz-üzə olduğunu bildirib.
“Azərbaycan hökuməti ifadə, sərbəst toplaşma və birləşmək azadlığına ciddi məhdudiyyətlər qoyub və hüquq-mühafizə sistemini özünü tənqid edənlərə qarşı silaha çevrib.
Bakıda saxlanılan ermənilər həmin hökumətin siyasətindən ən çox zərər çəkən qruplar sırasındadır. Pis rəftar geniş yayılıb və ədalətli məhkəmələr illüziyaya çevrilib”, – Avropa Parlamentinin deputatı qeyd edib.
“İnsan haqlarını ucuz neft və qazdan üstün tutmağın vaxtıdır”, – deyə Katarina Vieyra yekunlaşdırıb.
İtaliyalı deputat Massimiliano Salini bildirib ki, erməni xalqının Avropa İttifaqına ünvanladığı müraciətlərə diqqət yetirilməlidir.
O qeyd edib ki, Azərbaycan heç bir tərəddüd etmədən erməni xalqına qarşı zorakılığını davam etdirir.
“2023-cü ilin sentyabrında Dağlıq Qarabağa hərbi müdaxilədən və 100 min vətəndaşın qovulmasından sonra biz indi 23 Ermənistan vətəndaşının bu qanunsuz həbslərini və qeyri-şəffaf məhkəmə prosesini görürük”.
Salininin fikrincə, ermənilərə qarşı bu cür hücumların iki səbəbi var: onların coğrafi mövqeyi (Türkiyə ilə Azərbaycanı ayırır) və xristian olması.
“Erməni xalqının Avropa İttifaqına müraciətləri nəzərə alınmalıdır. Biz avropalılar, azərbaycanlılarla ruslara münasibətdə olduğu kimi davranmaq istəyib-istəməməyimizə qərar verməliyik. Biz müvafiq sanksiyalar tətbiq etməli və qanunsuz həbs edilən 23 nəfərin azadlığa buraxılmasını tələb etməliyik”.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen yekun nitqində bildirib ki, Aİ Komissiyası bu il yanvarın 17-dən etibarən Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə proseslərini izləyir.
“Biz hadisələri yaxından izləyirik. Ədalətli məhkəmə araşdırması hüququ təmin edilməli və ona hörmət edilməlidir”, – deyən komissar əlavə edib ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi də hadisələri diqqətlə izləyir və Brüsselin narahatlığını Azərbaycan hakimiyyətinə çatdırır.
“Aİ Azərbaycan hökumətini müvafiq proses və ədalətli mühakimə hüququ da daxil olmaqla beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırmağa davam edəcək.
Biz bütün imkanlardan istifadə edərək Azərbaycanı məhbuslar üçün ləyaqətli və təhlükəsiz şərait yaratmağa çağıracağıq. İşgəncə və pis rəftarla bağlı xəbərlər dərhal və qərəzsiz araşdırılmalıdır”, – Yorgensen vurğulayıb.







