
Belçika Federal Parlamentinin deputatı Mişel de Maeqd martın 13-də Nümayəndələr Palatasında keçirilən dinləmələr zamanı çıxış edərək Bakıda erməni əsirləri üzərində aparılan saxta məhkəmə prosesləri və onların həyatına yönəlmiş təhlükə ilə bağlı narahatlığını ifadə edib.
Brüsseldən alınan məlumata görə, Mişel de Maeqd Belçikanın Xarici işlər nazirliyinin rəhbərinə müraciət edərək Bakının rejimi və diktator Əliyevin beynəlxalq və humanitar hüquqları tamamilə görməzdən gəldiyini diqqətə çatdırıb.
“Təsəvvür edin ki, bir gün Belçikaya qonşu ölkə diktator tərəfindən idarə olunan bir rejim tərəfindən hücum edilir, o, beynəlxalq və humanitar hüquqları heçə sayaraq bütün belçikalıları başqa ölkəyə qaçmağa məcbur edir.
Eyni zamanda, həmin diktator sizi – Xarici işlər naziri olaraq girov götürür, aylarla həbsdə saxlayır, işgəncə verir və hətta başa düşmədiyiniz bir dildə saxta məhkəmə qarşısına çıxararaq absurd ittihamlarla mühakimə edir.
Siz deyə bilərsiniz ki, bu, inanılmaz bir senaridir, hörmətli həmkarlar!
Lakin, cənab nazir, bu, məhz indi sizin həmkarınızın başına gələn hadisədir”– deyə o, bildirib.
O, əlavə edib ki, hazırda Bakıda qanunsuz məhkəmə prosesi Dağlıq Qarabağın keçmiş Xarici işlər naziri Davit Babayanın üzərində aparılır.
Babayan, Dağlıq Qarabağın dəhşətli müharibə nəticəsində işğal edilməsindən sonra Bakı tərəfindən həbs edilib. Deputat vurğulayıb ki, bu aqressiya Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən pislənib.
“Bu gün artıq 470 gündür ki, Bakı 23 əsiri həbsdə saxlayır. Onların arasında sizin həmkarlarınız, müdafiə naziri, dövlət nazirləri və eləcə də Dağlıq Qarabağın üç keçmiş prezidenti var” – deyə Mişel de Maeqd əlavə edib.
O, Avropa Birliyinin bu məsələyə indiyə qədər göstərdiyi reaksiyanı olduqca zəif hesab etdiyini bildirib:
“Reaksiya zəifdir, çünki Avropaya Azərbaycan qazı lazımdır. Bu, sonsuz bir ikiüzlülükdür. Çünki hamı bilir ki, həmin qazın böyük hissəsi Rusiyadan gəlir və Rusiya rəsmi şəkildə embarqo altındadır.
Bütün bu ikili standartların zirvəsi isə COP 29-un – bu hərbi əsirlərin faciəsinə heç bir diqqət yetirilmədən məhz Bakıda keçirilməsi oldu .
Onlardan biri, hörmətli həmkarlar, Ruben Vardanyandır.
O, sülh adamıdır və keçən il Nobel Sülh Mükafatına namizəd göstərilmişdi. Onun həyatı təhlükə altındadır. Gözlərimizin önündə 23 əsirin həyatı sual altındadır” – deyə o, vurğulayıb.
Mişel de Maeqd qeyd edib ki, Belçika parlamentinin üzvləri artıq aylardır Azərbaycanlı həmkarları ilə münasibətləri dondurublar. O, Belçika hökumətinə çağırış edərək Bakı rejiminə qarşı sanksiyalar tətbiq etmək üçün Avropadakı tərəfdaşları inandırmağa çağırıb.
“Mən narahatam, çünki son saatlarda regionun bir neçə səfiri və bir çox analitiklərlə görüşmüşəm. Bütün işarələr göstərir ki, Bakı Ermənistanla yeni müharibəyə hazırlaşır.
Azərbaycan İsraildən silahlarla dolu çox sayda təyyarə gətirir. Artıq gecikmək və ya “yumşaq” diplomatiya aparmaq vaxtı deyil.
Cənab nazir, əminəm ki, Siz tədbir görəcəksiniz. Çünki Ukraynada olduğu kimi, burada da söhbət bizim dəyərlərimizdən gedir” – deyə o, Belçikanın Xarici işlər nazirinə müraciət edərək çıxışını tamamlayıb.







