
Ermənistan, Azərbaycanla sülh sazişinin razılaşdırılmış mətninin imzalanmasından əvvəl Bakının irəli sürdüyü şərtləri qəbul etmir. Sazişi imzalamağa hazırdır və konkret yer və vaxtla bağlı məsləhətləşməyi təklif edir.
Alınan məlumata görə, bu barədə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.
Nazir, saziş üzrə danışıqların başa çatması ilə bağlı hər iki tərəfdən gələn bəyanatlardan sonra Azərbaycanın irəli sürdüyü yeni şərtlərə toxunaraq deyib:
“Bunlar əvvəllər də səsləndirilib. Biz onların legitimliyini və gündəliyin bir hissəsi olmasını heç vaxt qəbul etməmişik. Bu məsələləri heç vaxt müzakirə etməmişik.
Sadəcə fikir mübadiləsi olub – onlar bildiriblər ki, belə bir tələb irəli sürürlər, biz isə öz tələblərimizi bildirmişik və onların tələblərini qəbul etməmişik”.
Mirzoyan qeyd edib ki, belə şərtlərin irəli sürülməsi yaxşı hal deyil. “Ümid edirik və hazırıq ki, artıq imzalama prosesinə başlayaq.
Bu günlərdə biz həmçinin konkret yer və vaxtla bağlı məsləhətləşmələrə başlamağı təklif etdik. Təəssüf ki, paralel olaraq yeni şərtlər irəli sürülür. İşləməliyik və həll yolu tapmağa çalışmalıyıq”.
Nazir əlavə edib ki, yaxın zamanda hər hansı görüşlə bağlı hələlik razılaşma yoxdur: “Biz hər zaman görüşməyə və müzakirələri davam etdirməyə hazırıq”.
Xatırladaq ki, Ermənistan və Azərbaycan martın 13-də sülh sazişinin mətninin yekun razılaşdırıldığını elan ediblər.
Ermənistan Xarici işlər nazirliyi Bakı ilə sazişin imzalanma tarixi və yeri barədə müzakirələrə başlamağa hazır olduğunu bəyan edib.
Bununla belə, mətn üzərində razılıq əldə olunmasına baxmayaraq, Azərbaycan imzalanma üçün, məsələn, Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbiylə yeni şərtlər irəli sürür.







