
İranın Prezidenti Masud Pezeşkiyan və Ermənistanın Baş naziri Nikol Paşinyan Qafqaz regionundakı son inkişaflar, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi ilə bağlı razılaşmalar haqqında fikir mübadiləsi aparıblar.
Bu haqda Mehr xəbər agentliyi bildirir.
Məlumata görə, iki ölkənin rəhbərləri Qafqaz regionundakı son hadisələr, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi ilə bağlı razılaşma məsələlərini müzakirə ediblər.
Pezeşkiyan bildirib ki, İran həmişə regionda, xüsusilə qonşu ölkələr arasında ərazi bütövlüyünə hörmət əsasında sülhün, yaxınlaşmanın və sabitliyin təmin edilməsini dəstəkləyib.
İran prezidenti həmçinin Tehranla Yerevan arasındakı dostluq və inkişaf edən münasibətlərə toxunaraq, ikitərəfli sazişlərin müxtəlif sahələrdə daha sürətlə həyata keçirilməsi üçün hər iki ölkənin yüksək vəzifəli şəxslərinin qətiyyətini və xüsusi diqqətini vacib hesab etdiyini vurğulayıb.
Qeyd edilir ki, Ermənistanın Baş naziri ölkələr arasında ikitərəfli münasibətlərin yeni dövründə irəliləyiş və dinamikanın təmin edilməsinə görə İran Prezidentinə minnətdarlığını bildirib və hər iki ölkə arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsində öz ölkəsinin marağını və qətiyyətini vurğulayıb.
Daha əvvəl Ermənistan hökumətinin mətbuat xidməti Ermənistan və İran rəhbərləri arasında telefon danışığı keçirilməsi barədə məlumat yayıb.







