RT: “ABŞ Ermənistana Almaniyadan hərbi texnika daşımağı planlaşdırır”

Birləşmiş Ştatlar Almaniyada yerləşən hərbi bazalarından yüz əlli bir ədəd texnika və avadanlığı Ermənistanın hərbi poliqonlarına daşımağı planlaşdırır.
RT-nin araşdırdığı sənədlərə görə, daşınmanın Gürcüstan vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. ABŞ Dövlət Satınalmalar Portalının məlumatına əsasən, ABŞ Ordusunun Logistika komandanlığı avadanlıqları Almaniyanın Dülmen hərbi bazasından Ermənistanın Zar hərbi bazasına daşıyacaq.
Daşınma 16 iyulda başlayıb 7 avqusta qədər davam edəcək. Avadanlıqların Almaniyaya qaytarılması isə 2025-ci ilin 21 avqust – 20 sentyabr tarixləri arasında planlaşdırılır.
Müqavilə həmçinin Ermənistanın Armavir təlim poliqonundan Gürcüstanın Poti limanına qədər avadanlıqların daşınmasını əhatə edir.
Ümumilikdə 151 ədəd nəqliyyat vasitəsi, generator və xüsusi yük konteynerləri daşınacaq.
Logistik xidmətlərlə yanaşı, ABŞ hərbiçiləri avadanlıqların Ermənistan poliqonlarında yuyulması və Afrika donuz xəstəliyindən dezinfeksiyası kimi spesifik tələblər irəli sürüb.
Müqavilə çərçivəsində Ermənistana səkkiz ədəd təcili yardım maşını da göndəriləcək. Lakin tenderdə qeyd edilib ki, avadanlıqlar Rusiya, Türkiyə və ya Azərbaycan ərazisindən keçirilə bilməz. Səbəb isə bu ölkələrlə diplomatik icazələrlə bağlı çətinliklərdir.
Avadanlıqların gətiriləcəyi Dülmen bazasında ABŞ-nin 405-ci Ordu Briqadasının sahə üzrə dəstək bölmələri yerləşir.
Bu briqada ABŞ ordusunun Avropa və Afrika regionlarında əsas logistik operatorudur və Almaniya, Polşa, İtaliya, Niderland, Belçika kimi ölkələrdə hərbi anbarların və bazaların saxlanmasını təmin edir.







