Türkiyədə İmamoğlunun saxlanmasına etirazlar keçirilir

Türkiyədə müxtəlif şəhərlərdə minlərlə insan İstanbulun meri Əkrəm İmamoğlunun saxlanmasına etiraz olaraq aksiyalara çıxıb. Polisin etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etdiyi xəbər verilir.
Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılan İmamoğlu martın 19-da saxlanılıb. Onun evində axtarış aparılıb, bir gün öncə isə diplomu ləğv olunub ki, bu da siyasətçinin prezident postuna namizəd olmaqdan məhrum olması deməkdir.
İstanbulda meriya, İmamoğlunun aparıldığı polis şöbəsi qarşısında etirazlar keçirilib.
BBC və digər aparıcı media qurumları polisin İstanbul Universiteti ərazisinə yığışmış tələbələrə qarşı xüsusi vasitələrə əl atdığını bildirir. Martın 18-də İstanbul Universiteti “açıq-aşkar” səhvi əsas gətirərək Ə.İmamoğlunun diplomunu ləğv edib.
İstanbulda hazırda nümayiş və mitinqlərə qadağa qüvvədədir. Buna baxmayaraq, Ankara daxil olmaqla bir sıra şəhərlərdə etirazlar davam edir.
Türkiyə hakimiyyəti prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılan İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanı Əkrəm İmamoğlunu saxlayıb.
AFP xəbər verir ki, polis İmamoğlunu martın 19-u səhər tezdən evinə reyd zamanı saxlayıb və o, hazırda qurumun baş qərargahında tutulur.
Dövlət “Anadolu” agentliyinin məlumatına görə, prokurorlar onun, o cümlədən iş adamları və jurnalistlərin də olduğu 100-ə yaxın şəxsin saxlanması barədə göstəriş verib. Onlara cinayətkar təşkilata rəhbərlik, üzvlük, hədə-qorxu ilə tələb etmə, rüşvət alma, şəxsi məlumatların qanunsuz əldə edilməsi və tender nəticələrinin saxtalaşdırılması maddələri ilə ittihamlar verilib.
Prokurorluğun iddiasına görə, Ə.İmamoğlu və “bir çox başqa şəxslər” iş adamlarını pul verməyə məcbur ediblər, haqsız qazanc əldə ediblər, cinayət fəaliyyətindən qazanılan vəsaitləri yuyublar. Qurum Ə.İmamoğlunu “cinayətkar təşkilatın lideri” adlandırır.







