NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin müşahidəsinə görə, Avropa İttifaqının enerji sektorunda Azərbaycan üzərində böyük rıçaqları var və o, Bakının Yerevanla sülh sazişi imzalaması üçün bundan səmərəli istifadə etməlidir. Andres Foq Rasmussen İcevanda keçirdiyi mətbuat konfransında bildirib.
NATO-nun keçmiş baş katibinin sözlərinə görə, Avropa İttifaqının Azərbaycanla enerji sektorunda kifayət qədər sıx əlaqələri var.
“Bu baxımdan hesab edirəm ki, Aİ Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamasını təmin etmək üçün bu təsir rıçaqlarından səmərəli istifadə etməlidir”, – o vurğulayıb.
Rasmussen sülh sazişinin imzalanmasına nail olmaq üçün beynəlxalq ictimaiyyətin Azərbaycana maksimum təzyiq göstərəcəyinə ümid etdiyini bildirib.
“Düşünürəm ki, beynəlxalq ictimaiyyət Bakıya təsir göstərəcək və ondan tezliklə sazişin imzalanmasını tələb edəcək”.
Rasmussen beynəlxalq ictimaiyyətin Azərbaycana müraciətlərinin heç bir nəticəsi olmadığından erməni xalqının məyusluğunu bölüşdüyünü də qeyd edib.
“Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bundan dərs alıb və Azərbaycanı sülh sazişi imzalamağa məcbur etmək üçün öz tərəfdən maksimum təzyiq göstərəcək”, – Rasmussen vurğulayıb.







