BaşlıcaSiyasət

Batır Amanov: “Türkmənistan Ermənistanla müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə böyük əhəmiyyət verir”

Türkmənistan nazirlər kabineti sədrinin müavini Batır Amanov Aşqabadın Yerevanla müxtəlif sahələrdə əməkdaşlığın və tərəfdaşlığın inkişafına və dərinləşməsinə böyük əhəmiyyət verdiyini bəyan edib.

Alınan məlumata görə, türkmən rəsmisi bu barədə Ermənistan Respublikası və Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclasında danışıb.

O, bildirib ki, Türkmənistan Ermənistan-Türkmənistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının fəaliyyətinə də xüsusi önəm verir.

“Qeyd etmək istəyirəm ki, hökumətlərarası komissiyanın 9-cu iclasından sonra Ermənistan-Türkmənistan əlaqələri və əməkdaşlığı müxtəlif sahələrdə daha da dərinləşib.

Türkmənistanın strategiyası müxtəlif ölkələrlə, o cümlədən Ermənistanla tərəfdaşlığın daha da genişləndirilməsinə yönəlib” – deyə Amanov vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ermənistan və Türkmənistan arasında müxtəlif sahələrdə mövcud olan tərəfdaşlıq əlaqələrinin miqyası və səviyyəsi tədricən artır.

“Türkmənistandan Ermənistana əsas ixrac olunan məhsullar tekstil məmulatları və yüngül sənaye məhsullarıdır. Ermənistandan Türkmənistana isə əsasən kimya sənayesi, əczaçılıq məhsulları, kənd təsərrüfatı məhsulları, həmçinin qiymətli metallar ixrac olunur”– deyə Amanov vurğulayıb.

O, Ermənistanla Türkmənistanın qarşılıqlı ticarət dövriyyəsini artırmaq üçün bütün imkanlara malik olduğuna əminliyini ifadə edib.

Türkmənistan nazirlər kabineti sədrinin müavini həmçinin Ermənistanla ikitərəfli münasibətlərin humanitar sahələrdə, o cümlədən təhsil, elm, idman və mədəniyyət sahələrində də inkişaf etdiyini bildirib.

O, eyni zamanda qeyd edib ki, Ermənistanın ali təhsil müəssisələrində türkmən tələbələr də təhsil alırlar.

Batır Amanov çıxışı zamanı həmçinin Ermənistan və Türkmənistan alimləri arasında, xüsusilə seysmologiya və fizika sahələrində əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb.

Daha çox göstər
Back to top button