
“Sülh müqaviləsi” çox yaxşı səslənir, amma reallıqda biz hələlik yalnız saziş layihəsini yekunlaşdıra bilmişik. O, preambula və 17 maddədən ibarətdir və uzun danışıqlardan sonra mətni razılaşdıra bildik.
Bu haqda Braziliyaya rəsmi səfəri çərçivəsində “Correio Braziliense” qəzetinə müsahibəsində Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan deyib.
Mirzoyan bildirib ki, Ermənistan sülh sazişinin imzalanma yerini və tarixini müəyyən etmək üçün azərbaycanlı tərəfdaşlarla məsləhətləşmələrə başlamağa hazır olduğunu dərhal açıq şəkildə bəyan edib.
“Təəssüflər olsun ki, Azərbaycan tərəfdən eşitdiklərimiz belə səslənir:
“Biz mətnlə razıyıq, lakin bu, sülh sazişi üçün kifayət deyil. Həmçinin sülh sazişinin imzalanmasını mümkün etmək üçün danışıqlar masası arxasında bir sıra ilkin şərtləri müzakirə etmək lazımdır”.
Bu ilkin şərtlərə Ermənistan Konstitusiyasına düzəlişlər və Ermənistan Respublikasına sursat və silahların tədarükünə məhdudiyyətlər daxildir.
Maraqlıdır ki, sülh sazişi üzrə danışıqlara paralel olaraq, biz Azərbaycana başqa təkliflər də təqdim etmişik ki, bu da, fikrimizcə, hər iki tərəf üçün faydalı olacaq” – deyə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Mirzoyan aydınlaşdırıb ki, Azərbaycana silahlara nəzarət və yoxlama üçün ikitərəfli mexanizm yaratmaq təklif olunub.
Azərbaycandan müsbət cavab gəlmədi. Əksinə, ötən həftə Ermənistan silahlı qüvvələrinin sərhəd zonasında atəşkəs rejimini pozması ilə bağlı saxta ittihamlarla çıxış ediblər.
Mirzoyanın sözlərinə görə, digər təklif sərhəd hadisələrinin ikitərəfli yoxlanılması mexanizminin yaradılması olub.
“Biz həmçinin kommunikasiya, nəqliyyat və infrastruktur əlaqələrinin açılmasını təklif etmişik. Azərbaycan öz ölkələrinin iki hissəsini birləşdirmək üçün bizim dəmir yollarımızdan istifadə etməlidir.
Ancaq yenə də bununla bağlı müsbət cavab almadıq. Mən bütün dünyanı və Azərbaycanı əmin edə bilərəm ki, Ermənistan sülh gündəminə tam sadiqdir.
Bizim yeni müharibəyə başlamaq və ya vəziyyəti gərginləşdirmək niyyətimiz, heç bir səbəbimiz, motivasiyamız yoxdur. Müsbət xəbərlər var – danışıqların başa çatması və sülh müqaviləsi layihəsinin hazır olması.
Bununla belə, narahatedici xəbərlər də var: Bəli, Azərbaycan tərəfdən eşitdiyimiz hər şeyə əsaslanan sülh Azərbaycana görə təhlükə altına düşə bilər” – deyərək Ararat Mirzoyan yekunlaşdırıb.







