
Almaniya “Prezidenti Frank-Valter Ştaynmayer bildirib ki, Azərbaycanla sülhün bərqərar edilməsi prosesində Ermənistan son həftələr ərzində çox konstruktiv yanaşma nümayiş etdirib və iki ölkə arasında razılaşdırılmış sülh müqaviləsinin imzalanmasına artıq heç nə mane olmur.
Alınan məlumata görə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bunu Ermənistan prezidenti Vahagn Xaçaturyanla birgə mətbuat brifinqində açıqlayıb.
Almaniya Prezidenti Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin müddəalarının uyğunlaşdırılmasına və bu istiqamətdə Yerevanın həyata keçirdiyi addımlara toxunaraq bildirib ki, Ermənistan Prezidenti Vahagn Xaçaturyanla müzakirələr zamanı vurğulanıb ki, illər boyu dünya münaqişələrdən çox əziyyət çəkib və bunları səmərəli idarə etmək getdikcə çətinləşir.
Almaniya Prezidentinin sözlərinə görə, vacibdir ki, Ermənistan və Azərbaycan sülhün bərqərar edilməsi üçün münaqişənin həllinə yönəlmiş son addımları atsınlar.
“Hamımız şahidik ki, Ermənistan son həftələrdə özünü çox konstruktiv aparıb. Sülh müqaviləsində artıq açıq suallar qalmayıb və onun imzalanmasına, təsdiq edilməsinə və həyata keçirilməsinə heç nə mane olmur.
Ermənistan sülh müqaviləsinin mümkün olmasına səbəb olan qərarlar qəbul edib və indi Azərbaycanda bütün mümkün şübhələrin aradan qaldırılması lazımdır”, — deyə Frank-Valter Ştaynmayer vurğulayıb.
Almaniya Prezidentinin sözlərinə görə, Cənubi Qafqazda yaşayan insanlar uzun illik münaqişənin bitməsini gözləyirlər ki, bu da iqtisadi inkişafa səbəb olacaq.
“Ermənistan üçün münaqişəni başa çatdırmaq və onun həll edilməsi asan olmayıb. Bir çox ölkələr bu prosesdən nümunə götürə bilər”— deyə Frank-Valter Ştaynmayer qeyd edib.







