
Çin Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Alınan məlumata görə, Çindəki işlər üzrə müvəqqəti işlər vəkili Çen Min jurnalistlərlə söhbətində “Sputnik” agentliyinin Azərbaycan xidməti tərəfindən yayılan məlumatı təkzib edib.
Həmin məlumatda iddia olunurdu ki, guya Çin Kommunist Partiyasının nümayəndəsi Bakıda keçirilən konfrans zamanı “Zəngəzur dəhlizi” ifadəsini işlədib.
Çen Min əmin edib ki, Çin tərəfi həmin konfransda bu mövzuya ümumiyyətlə toxunmayıb və əgər mətbuatda Çin tərəfinə aid edilən bu cür açıqlamalar yer alıbsa, onlar saxta və yanlış ola bilər.
O, əlavə edib ki, Çin nümayəndə heyəti bu yaxınlarda Bakıya səfər edib və “Bir kəmər, bir yol” təşəbbüsünə həsr olunmuş konfransda iştirak edib.
Çin nümayəndə heyəti “Bir kəmər, bir yol” təşəbbüsünün Cənubi Qafqazda necə təşviq edilə biləcəyi məsələsini müzakirə edib.
“Təbii ki, Çin Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Ermənistan və Azərbaycan Çin üçün dost ölkələrdir və biz tərəflərin siyasi dialoq və diplomatik yollarla fikir ayrılıqlarını həll etməyə çalışmasının tərəfdarıyıq.
Bizim Cənubi Qafqazda da irəli sürdüyümüz “Bir kəmər, bir yol” təşəbbüsü regionun sülhü və inkişafı üçün çox vacibdir”– deyə Çen Min bildirib.
Bundan əvvəl “Sputnik” agentliyinin Azərbaycan xidməti məlumat yaymışdı ki, guya Çin Kommunist Partiyasının nümayəndəsi Lyu Tsyançao Bakıda keçirilən konfransda “Zəngəzur dəhlizinin” açılmasının böyük strateji əhəmiyyət daşıdığını və Avropa ilə Asiya arasındakı əlaqələri daha da möhkəmləndirəcəyini bildirib.







