BaşlıcaSiyasət

ISW: “RF hücum templəri son 4 aylarda  azalıb”

Amerika Birləşmiş Ştatlarının Müharibəni Tədqiq İnstitutu (ISW) öz son təhlilində Rusiyanın Ukraynaya hücum templərinin keçən ilin noyabr ayından bəri davamlı şəkildə azaldığını qeyd edib.

Mart ayında ruslar noyabr ayı ilə müqayisədə üç dəfə az ərazini ələ keçiriblər.

BBC-nin rusdilli xidməti ISW-nin geolokasiya şəkilləri əsasında hazırladığı hesablamalara istinadən bildirib ki, 2024-cü ilin noyabrında Rusiya qoşunları Ukraynada 627 kv. km, dekabrda 569 kv. km, yanvarda 427 kv. km, fevralda 354 kv. km, martda isə 203 kv. km ərazini işğal edib.

ISW bu məlumatları 5 apreldə Böyük Britaniyanın Müdafiə Nazirliyinin dərc etdiyi əhəmiyyətli dərəcədə fərqli rəqəmlərlə müqayisə edib.

Nazirliyin qiymətləndirməsinə görə, martda ruslar cəmi 143 kv. km, fevralda 195 kv. km, yanvarda 326 kv. km, dekabrda 393 kv. km, noyabrda isə 730 kv. km ərazini ələ keçirib.

ISW ehtimal edir ki, britaniyalı hərbçilər hesablamada fərqli metodologiyadan istifadə ediblər.

Ümumi mənzərədə, Ukraynanın DeepState layihəsinin məlumatına görə, Rusiya genişmiqyaslı işğaldan sonra Ukraynanın 68,5 min kv. km və ya ölkə ərazisinin 11,35%-ini nəzarətə götürüb.

Əvvəllər işğal edilmiş Krım, Donetsk və Luqansk bölgələrinin bəzi hissələri ilə birlikdə Rusiya Federasiyası Ukrayna ərazisinin 18,6%-ini idarə edir.

Daha çox göstər
Back to top button