
Aprelin 8-də Ermənistan Respublikası Parlamentinin Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri Andranik Koçaryan NATO-nun Gürcüstandakı Əlaqələr Bürosunun rəhbəri Aleksandr Vinnikovu və ofisin siyasi məsələlər üzrə məsul əməkdaşı Arkadyuş Leqiçi qəbul edib. Bu barədə Parlament məlumat yayıb.
Görüş zamanı həmsöhbətlər Ermənistan-NATO əməkdaşlığı ilə bağlı bir sıra gündəlik məsələləri müzakirə ediblər.
Xüsusilə, ER-NATO tərəfdaşlığının cari proqramlarına, beynəlxalq və regional təhlükəsizlik və bu istiqamətdə atılan addımlara, ER Silahlı Qüvvələrinin transformasiyasına və demokratik islahatlar sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarına, Silahlı Qüvvələrdə həyata keçirilən təhsil proqramlarına toxunub.
Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, eləcə də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması məsələsinə dair davam edən müzakirələrə də toxunublar.







