
BBC-nin Qafqaz müxbiri Reyhan Demitri Ermənistan və Azərbaycan arasında mümkün “sülh müqaviləsi” və bu kontekstdə Ruben Vardanyanın və Bakıda saxlanılan erməni əsirlərin taleyi ilə bağlı geniş məqalə dərc edərək, onların “sülh sazişindən kənarda qala biləcəyini” qeyd edib.
Aşağıda məqalənin bir hissəsini təqdim edirik:
“Ruben Vardanyan Ermənistanın ən zəngin adamlarından biridir, lakin onun milyonlarla pulu indi onun qonşu Azərbaycanda ömürlük həbs olunma ehtimalı ilə üzləşdiyi üçün heç bir faydası yoxdur. İki qonşu Qafqaz ölkəsi Dağlıq Qarabağ ərazisi üzərində onilliklər davam edən münaqişəyə son qoymaq üçün sazişin mətni üzərində razılığa gəliblər, lakin Vardanyan və digər 15 Qarabağın keçmiş hərbi-siyasi rəhbərliyinin nümayəndəsi bu sazişə daxil deyil.
… Ruben Vardanyan üçün 2022-ci ilin sentyabrında tarixən etnik ermənilərin məskunlaşdığı, lakin Sovet Azərbaycanının bir hissəsi olan Dağlıq Qarabağa köçmək qərarına gəldikdə, hər şey dəyişdi.
Vardanyan Rusiya vətəndaşlığından imtina etdi və ermənilərin Artsax adlandırdıqları Dağlıq Qarabağın faktiki baş naziri oldu. O, Qarabağ ermənilərinin acınacaqlı vəziyyətindən danışmaq üçün öz adından, əlaqələrindən və ingilis dili biliyindən istifadə edib.
Ruben Vardanyanın oğlu David Vardanyan BBC-yə deyib ki, Qarabağa bu beynəlxalq diqqət açıq şəkildə Azərbaycanı qıcıqlandırırdı.
Vardanyanın Kremllə əlaqəsi olan rusiyalı milyarderlərə qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan yayınmaq üçün ora köçməsi ilə bağlı fikirlər səslənirdi.
Bakı hökuməti onun bu vəzifəni tutmaq qərarını qanunsuz hesab edib. Oğlu iddia edir ki, onu yerli ermənilərə kömək etmək istəyi sövq edib. “Son görüşümüzdə mübahisə etdik. Mən onun özünü və bütün ailəsini riskə atan qərarının tamamilə əleyhinə idim. O, Qarabağ erməniləri üçün heç nə etmədiyini bilə-bilə yaşaya bilməyəcəyini söylədi”.
Atasının çoxdankı dostu olan Arman Jilavyan deyir ki, etnik ermənilərin öz ata-baba torpaqlarında qalmasına kömək etmək üçün ən uzaq fürsət belə onun üçün kifayət idi. “Bəziləri bunun irrasional olduğunu deyəcək, bəziləri bunun hesablanmış siyasi addım olduğunu söyləyəcək. Mən bunların heç birinin doğru olduğunu düşünmürəm” deyir.
Ruben Vardanyan işgəncə iddiaları fonunda məhkəmə prosesinin düzgün aparılmamasına etiraz olaraq artıq iki dəfə aclıq aksiyası keçirib.
Sabiq Qarabağ rəhbərliyinin digər 15 üzvü də Bakı Hərbi Məhkəməsində 1980-ci illərin sonundan bu günə qədər hərbi cinayətlərdə ittiham olunaraq mühakimə olunur.
Azərbaycan israr edir ki, məhkəmə prosesi beynəlxalq hüquqi standartlara cavab verir və hərbi cinayətlər törətməkdə şübhəli bilinənləri mühakimə etmək səlahiyyətinə malikdir. Lakin ötən ay Bakı hökuməti erməni əsirlərlə əlaqə saxlayan yeganə beynəlxalq təşkilat olan Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin yerli ofislərinin bağlanması barədə göstəriş verib.
…Sülh sazişinin təfərrüatları hələlik açıqlanmayıb, lakin rəsmilər qeyd edirlər ki, layihə mətnində əsirlər məsələsi və ya Dağlıq Qarabağın etnik ermənilərinin öz evlərinə qayıtmaq hüququ yoxdur.
Əsirlərin adının çəkilməməsi Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin həm ölkə daxilində, həm də xaricdə tənqidinə səbəb olub. Lakin “Mülki müqavilə” partiyasının nümayəndəsi Arsen Torosyan hesab edir ki, bu məsələyə ayrıca yanaşmaq lazımdır. “Bu, münaqişəli ölkələr arasında sülh müqaviləsidir. Şəxsən mən hesab edirəm ki, yalnız bu sülh müqaviləsinin bağlanması və ya imzalanması siyasi əsirlər məsələsinin həllinə zəmin yarada bilər”.
Vardanyan həbsxanadan xəbərdarlıq edib ki, bu yanlışdır. O, tərəfdarlarına ünvanladığı səs yazısında “Bu, təkcə mənim və daha 15 nəfərin məhkəməsi deyil, bütün ermənilərin məhkəməsidir” deyib.







