
“Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası ilə bağlı bəyanatları Azərbaycan nümayəndə heyətinin Assambleyadakı səlahiyyətlərindən məhrum edilməsinin ədalətli olduğunu təsdiqləyir”, – Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodor Russopulos “Alpha News”un sualına cavabında bildirib.
“İki gün əvvəl Əliyev ən rüsvayçı şəkildə dedi ki, Avropa Şurası ona əhəmiyyət vermir və o, bizim ona ehtiyacımızın daha çox olduğunu, dünyanın dəyişdiyini düşünür. O, yalan xəbərlər yayıb və bildirib ki, Avropa Şurası Dağlıq Qarabağa və ölkəsinin qalib gəldiyi müharibəyə görə Azərbaycan nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək qərarına gəlib.
Bu, tamamilə yalandır, çünki biz Azərbaycan hakimiyyətindən ilk öncə jurnalistlərimizin Laçın dəhlizinə, Dağlıq Qarabağa getməsinə icazə verməsini xahiş etmişdik. Sonra biz mütəmadi olaraq müşahidəçilərimizdən ölkədəki seçkiləri izləmək üçün icazə istədik. Biz məruzəçilərdən Əliyevin həbsdə olan siyasi opponentlərinə baş çəkmək üçün də icazə istədik.
Əliyevin bildiyiniz kimi, siyasi rəqiblərini həbs etmək vərdişi var. Və zənglərimizə heç vaxt cavab vermədilər, həmişə bizi rədd etdilər. Beləliklə, iki ildir qanunun aliliyinə, insan hüquqlarına hörmət etməkdən imtina etdikdən sonra, bu, daha uzun müddətdir davam etsə də, Avropa Şurasının tələblərinə hörmət etməkdən imtina edərək, Assambleya haqlı olaraq Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək qərarına gəlib.
Əliyev Avropa Şurası ilə maraqlanmadığını bəyan etdiyinə görə, bu, onun fikridir. Mən bununla bağlı şərh vermək fikrində deyiləm. Gələn çərşənbə günü bu məsələni əvvəllər etdiyim kimi səfirlərlə, baş nazirlə qaldıracağam. Mən azərbaycanlıların geri qayıtması üçün çox səy göstərmişəm, qanunun aliliyinə, demokratik prosedurlara, insan hüquqlarının qorunmasına hörmətlə yanaşmaqdan danışmışam. Onlar bunu etmədilər.
Əvvəlcə cavab verdilər ki, tədbir görəcəklər, biz bunu heç görmədik. Onlar bir məhbusu buraxıb, sonra digərlərini saxlayıblar. Deməli, Assambleya öz işini görmüşdür. Və tamamilə aydındır ki, Assambleya nümayəndə heyətinin səlahiyyətlərini ədalətli şəkildə ratifikasiya etməyib və bunu bu gün Əliyevin bu bəyanatları da təsdiqləyir. Heç bir peşman deyilik və doğru şeyi etdiyimizə inanırıq”, – deyə o qeyd edib.
Əliyevin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməkdən ultimatum kimi imtina etməsindən danışan Russopulos qeyd edib: “Heç kim Avropa Şurasını şantaj edə bilməz. Avropa Şurası bu cür bəyanatlardan qorxmur, çünki Avropa Şurası öz Assambleyasında qanunun aliliyinə, insan hüquqlarına və demokratik prosedurlara uyğun qərarlar qəbul edib və qəbul etməkdə davam edir. Yanvar sessiyasından sonra mən nazirlərə, Nazirlər Komitəsinə müraciət etdim, Gürcüstanı xüsusi qeyd etdim, dedim ki, bu, seçmə yanaşmanın məqbul olduğu klub deyil, çünki sabah, səfirlərə də məhz belə dedim, bizdə bəzi dövlətlər ola bilər ki, İnsan Hüquqları Məhkəməsindən imtina etsinlər.
Hələ üç ay keçməmişdi ki, Əliyev mənim qorxularımı təsdiqlədi. “Qorxu” sözünü mötərizədə qoyun, çünki biz heç nədən qorxmuruq, nə Əliyevdən, nə də özünü diktator kimi aparanlardan qorxmuruq. İndi bu, Nazirlər Komitəsinin qərar verməli olacağına ümid etdiyim bir sualdır. Assambleyanın mövqeyi çox aydındır: biz qərara gəldik ki, üzv dövlətlərimizdən heç biri deyə bilməz: mən qaydalara hörmət etmirəm, mən o qurumdan, o institusional qurumdan və ya başqa institusional qurumdan istefa verəcəyəm”.







