
Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Kristina Kuinn Amerikanın Westinghouse şirkətinin nümayəndələri ilə görüşərək Ermənistanın nüvə enerjisi sektorunu müzakirə edib.“Armenpress”in məlumatına görə, bununla bağlı ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Səfirliyin bəyanatında deyilir: “Amerika şirkətləri həm ABŞ, həm də Ermənistana fayda gətirməklə Ermənistanın enerji gələcəyini təmin etməyə kömək edə biləcək əhəmiyyətli təcrübə və innovativ texnologiyalara malikdir”.
Westinghouse Electric Company nüvə enerjisi sektorunda fəaliyyət göstərən Amerika şirkətidir. 2023-cü ildə şirkət 300 meqavat gücündə yığcam modul reaktorların yaradılması layihəsini təqdim edib. Modul reaktorların sertifikatlaşdırılması 2027-ci ilə, onların ümumi şəbəkəyə qoşulması isə 2033-cü ilə planlaşdırılır. Ermənistan və ABŞ 2025-ci ilin yanvarında strateji tərəfdaşlıq sənədi imzalayıblar ki, bu sənəd nüvə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqların başlanmasına dair müddəanı (“123 Saziş”) ehtiva edir. 2023-cü ilin mayında Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistandan nümayəndə heyətinin modul atom elektrik stansiyalarının imkanları ilə tanış olmaq üçün ABŞ-a gedəcəyini açıqlamışdı.
“Təəssüf ki, bizim fəaliyyət göstərən AES-in vaxtı var, ondan sonra biz onu işlədə bilmirik. İndi biz bir neçə tərəfdaşla AES tikmək məsələsi ilə bağlı çox fəal danışıqlar aparırıq, bu danışıqlar həm Rusiya, həm ABŞ, həm də üçüncü ölkələrlə aparılır. İndi biz bu variantlardan hansının iqtisadi baxımdan daha sərfəli olduğunu nəzərdən keçiririk”, – Paşinyan bildirib. Ermənistanda atom elektrik stansiyasının istismarı üçün son tarix 2036-cı ildir.







