Şveytsariya Rusiyanın media qurumlarına qarşı AB-nin tətbiq etdiyi sanksiyalara qoşulub

Şveytsariya Rusiyanın media qurumlarına qarşı Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara ilk dəfə olaraq qoşulub. Bu barədə məlumatı İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) yaydığı sənəddə də təsdiqlənir.
Söhbət səkkiz Rusiya media orqanından gedir: EADaily, Lenta.ru, News Front, RuBaltic, SouthFront (Yujni Front), Strategic Culture Foundation (Strateji Mədəniyyət Fondu), Krasnaya Zvezda və Fondsk.
Bu nəşrlər Avropa Birliyinin 2025-ci ilin fevralında qəbul etdiyi Rusiyaya qarşı 16-cı sanksiya paketinə daxil edilib və indi Şveytsariya da həmin məhdudiyyətləri öz sanksiya siyahısına əlavə edib. Qadağalar 23 aprel 2025-ci ildən qüvvəyə minəcək.
Bundan əvvəl Şveytsariya mətbuat azadlığını əsas gətirərək heç vaxt media qurumlarına qarşı sanksiyalara qoşulmamışdı.
Lakin indi, Avropa Birliyi ilə sanksiya siyasətini daha da uyğunlaşdırmaq məqsədilə, bu addımı atıb.
Yeni məhdudiyyətlərə əsasən, İsveçrə şirkətlərinə bu səkkiz Rusiya media qurumunda reklam yerləşdirmək qadağan edilir və həmin media qurumlarının yayımına məhdudiyyətlər tətbiq olunur.
Qeyd edək ki, Avropa Birliyi son illərdə Rusiyanın əsas media qurumlarına qarşı bir neçə dəfə sanksiyalar tətbiq edib və onların yayımını AB ərazisində qadağan edib.
Bu qərarlar məhkəmə və ya milli tənzimləyici orqanlara müraciət edilmədən qəbul olunub. Eyni zamanda, AB dəfələrlə vurğulayıb ki, bu məhdudiyyətlər media əməkdaşlarının jurnalist fəaliyyətinə şamil edilmir.
Beləliklə, Şveytsariya Rusiyanın media qurumlarına qarşı sanksiyalara qoşulmaqla, Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi tədbirlərə daha sıx şəkildə inteqrasiya olunmuş olur







