
Ermənistanın Baş naziri Nikol Paşinyan Estoniyaya etdiyi rəsmi səfər çərçivəsində, aprelin 28-də keçirilən mətbuat konfransında Azərbaycanla sülh sazişinin imzalanmasına toxunaraq bildirdi ki, Ermənistan öz strategiyasını sülh sazişi imzalanana qədər davam etdirəcək.
“Bizim hökumət, şəxsən mən bu mövzuda gündəlik rejimdə işləyirik. Biz bu məsələdə ardıcıl və qətiyyətliyik — işimizi tam, ardıcıl və səbirli şəkildə görürük.
Biz bu strategiyanı davam etdirəcəyik, ta ki məqsədimizə — yəni sülh sazişinin imzalanmasına və sülhün bərqərar olmasına — nail olaq.
Bu yoldan yayınmayacağıq” – deyə Paşinyan bildirib.
Baş nazir vurğuladı ki, əgər kimsə hər hansı mənbədən Ermənistan hökumətinin bu strategiyadan yayınması barədə məlumat əldə etsə, bilməlidir ki, bu məlumat həqiqətə uyğun deyil.
Rusiyaya və Avropa Birliyi ilə münasibətlərə toxunan Paşinyan qeyd etdi ki, Ermənistan heç bir istiqamətdə münasibətləri pozmaq məqsədi daşımır.
“Bu çox mühüm bir incəlikdir. İki nəzəri yanaşma ola bilər: yəni, bir istiqamətdə münasibətləri dərinləşdirmək və digər istiqamətdə korlamaq. Biz bu yanaşmanı qəbul etmirik.
Bizim yanaşmamız budur: suverenliyimizi istifadə edərək istədiyimiz bütün istiqamətlərdə, orada ki, münasibətlər lazımi dərinliyə malik deyil münasibətləri dərinləşdirməkdir . Ermənistan-Avropa Birliyi münasibətləri də bu kateqoriyaya daxildir” – deyərək Paşinyan qeyd edib.
Baş nazir əlavə etdi ki, müxtəlif istiqamətlərdə xarici siyasətdə müəyyən gərginliklər, kəsişmələr ola bilər. Ermənistan bu vəziyyəti şəffaflıq, dürüstlük və açıq yanaşma ilə idarə etməyi planlaşdırır.
“Biz bütün tərəfdaşlarımız qarşısında öz yanaşmalarımızı, baxışlarımızı kifayət qədər aydın izah etməyə çalışırıq ki, apardığımız siyasət, onun səbəbləri və əsaslandırmaları barədə heç bir qaranlıq məqam qalmasın” – deyərək Paşinyan yekunlaşdırdı.







