
Bandar Abbas şəhərinin Şəhid Rəcəi limanında baş vermiş partlayışdan bir həftə keçib. İran hakimiyyəti ilkin versiyaya görə hadisənin səhlənkarlıq nəticəsində baş verdiyini bildirib, istintaq davam edir.
İranın kütləvi informasiya vasitələri isə müxtəlif versiyaları müzakirə edir, terror aktı ehtimalını da istisna etmir və oxları İsrailə yönəldir.
Ekspertlər partlayışın siyasi və iqtisadi zərərlərini təhlil edərək limanın Şimal-Cənub layihəsi üçün əsas əhəmiyyətini vurğulayırlar.
İran mətbuatında Bandar Abbas limanında baş vermiş partlayışın İsrailin işi olması barədə versiya aktiv şəkildə yayılır, Yerusəlimdəki yanğınların isə buna cavab olduğu qeyd olunur – deyə bu barədə “Radiolur”a müsahibəsində iranşünas Emma Beqicanyan deyib.
Partlayışın səhlənkarlıqdan, yoxsa qəsdən baş verdiyi barədə və digər bir çox suallara hələ rəsmi cavab yoxdur. Həmçinin partlayışın Şimal-Cənub yolunun gələcək fəaliyyəti üçün nə dərəcədə təhlükə yaratdığı barədə dəqiq qiymətləndirmə yoxdur. Emma Beqicanyan bəzi ekspert qiymətləndirmələrinə əsaslanaraq bildirir ki, liman iki-üç aya bərpa oluna bilər.
“Bəzi qiymətləndirmələrə görə, limanı iki-üç aya bərpa etmək olar, amma bu hadisənin Şimal-Cənub yoluna zərbə olduğu fikrini bir çoxları səsləndirir.
Vəziyyət əsasən Pakistan və İraqın, eləcə də Türkiyənin xeyrinədir. İranı kənara qoyaraq Avropaya getmək Türkiyənin neo-osmanlı arzularının yollarından biridir”.
Şimal-Cənub vasitəsilə Rusiya Federasiyası Hindistanla İran və Ermənistan ərazisindən keçməklə birləşir. İranşünas narahatdır ki, Bandar Abbas işləməsə, Rusiya yenidən “Zəngəzur dəhlizi” mövzusunu gündəmə gətirə bilər.
Enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan isə Facebook-da məsələyə toxunaraq yazır ki, faktiki olaraq “Şimal-Cənub” nəqliyyat dəhlizinin əsas qovşağı iflic olub.
“Söhbət məhz Süveyş kanalına real alternativ kimi təklif olunan və inkişafını Rusiya fəal şəkildə irəli aparan marşrutdan gedir. Dəhliz Sankt-Peterburqu Hindistanın Mumbay şəhəri ilə İran limanları vasitəsilə birləşdirməlidir” – deyə ekspert yazır.
“Bandar Abbas limanı sadəcə ehtiyat zonası və ya körpü deyil. O, ildə on milyonlarla ton yük emal edən geosiyasi əhəmiyyətli obyektidir.
Buradan neft məhsulları, taxıl, sənaye avadanlıqları və minlərlə konteyner keçir. Bu, Rusiyadan Hindistana yüklərin sürətli və əlçatan daşınmasını təmin etməli olan, Qərbi kənara qoyan qovşaqdır.
Bu partlayış təkcə həmin marşrutu deyil, həm də bütün təşəbbüsün davamlılığını təhlükə altına qoyur”.
Vahe Davtyan qeyd edir ki, baş verənlərlə bağlı müxtəlif versiyalar dolaşır. Onun fikrincə, partlayış İranı müvəqqəti olaraq beynəlxalq ticarətdən kənarlaşdırıb. Limanın fəaliyyətinin dayandırılması həm ixraca, həm də neft-kimya sənayesinə zərbə vurub. Bu fonda, ekspertin fikrincə, Moskvanın mövqeyi daha da önəmli olur.
“Rusiya “Şimal-Cənub” dəhlizini qlobal ticarətin gələcəyinin nəfəs damarı kimi görür. O, Rusiya məhsullarının Hindistana ixracını və əksinə – ədviyyat, çay, dərman və avadanlıqların idxalını Qərb və Çin təzyiqi olmadan təmin etməlidir. İran bu təşəbbüsün açarıdır.
Bandar Abbas isə onun kilididir. Görəsən, bu kilid təsadüfənmi partladı, yoxsa kim isə sadəcə xatırlatdı ki, o həm də kövrək ola bilər?”
Ekspertin fikrincə, yaranmış vəziyyətə reaksiya “lakmus kağızı” ola bilər ki, başa düşək, “Şimal-Cənub” dəhlizi daim təhlükədə qalacaq, yoxsa yox.
Onun müşahidəsinə görə, əgər partlayışdan sonra bərpa işləri tez aparılarsa, bu o deməkdir ki, həm Moskva, həm də Tehran “Şimal-Cənub”u uzunmüddətli strategiyanın əsas xətti kimi görməyə hazırdırlar.







