
Ermənistan balanslaşdırılmış xarici siyasət aparır və bir istiqamətdə münasibətlərini digər münasibətlərin hesabına qurmur.
Alınan məlumata görə, bu barədə Ermənistan Respublikası Baş naziri Nikol Paşinyan Parlament – hökumət sual-cavab sessiyasında səsləndirilən, “Mayın 9-da Moskvaya səfər Qərblə münasibətləri poza bilər” fikirlərə toxunaraq bildirib.
“Biz balanslaşdırılmış və balanslaşdırmaya yönəlmiş xarici siyasət qəbul etmişik. Və bu siyasətin daxilində heç bir halda biz bir istiqamətdə münasibətlərimizi digər münasibətlərimizin hesabına qurmaq niyyətində olmamışıq.
Daha da əhəmiyyətlisi, bu siyasətin məntiqində heç vaxt Rusiya Federasiyasına səfərlər etməmək, Rusiya ilə münasibətləri inkişaf etdirməmək və dərinləşdirməmək kimi bir anlayış olmayıb. Mən bu şərhləri o qədər də başa düşmürəm” – deyə Paşinyan bildirib.
Baş nazir İkinci Dünya Müharibəsində əldə olunan qələbə kontekstində keçiriləcək tədbirin çox vacib olduğunu vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu görüşlər zamanı ikitərəfli gündəlikdə olan məsələlər də müzakirə olunur. Səfər çərçivəsində ikitərəfli və ya digər görüşlərin nəzərdə tutulub-tutulmadığına dair suala cavab olaraq Paşinyan bildirib ki, bu rəsmi sammit deyil, təmaslar olacaq:
“Amma bu təmasların nə dərəcədə rəsmiləşəcəyinə əmin deyiləm, çünki çox sıx qrafikdir. Və bu sıx qrafik şəraitində işləyəcəyik. Amma təmasların olacağı aydındır, bunu düşünürəm”” – deyə Baş nazir qeyd edib.
Xatırladaq ki, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan mayın 9-da Qələbə Gününə həsr olunmuş ənənəvi paradda iştirak etmək üçün Moskvaya səfər edəcək.







