Başlıcaİctimaiyyət

Beynəlxalq təşkilatlar Azərbaycanda son jurnalist həbslərinə münasibət bildiriblər

Jurnalistləri Müdafiə Komitəsi (CPJ), Avropa Jurnalistlər Federasiyası (EFJ) və Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) müstəqil jurnalist – Ülviyyə Əli (Quliyeva) və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin həbsini pisləyən bəyanat yayıb.

“Ülviyyə Əli və Əhməd Məmmədlinin həbsi Azərbaycan hakimiyyətinin müstəqil jurnalistikanı tamamilə məhv etməyə yönəlmiş niyyətinin bariz nümunəsidir. Azərbaycan hakimiyyəti onları dərhal azad etməli və polis zorakılığı ilə bağlı yayılan ciddi iddiaları təcili araşdırmalıdır”, – Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə aparıcı tədqiqatçısı Anna Brakha bildirib.

Avropa Jurnalistlər Federasiyası (EFJ) və Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) Ülviyyə Əli ilə Əhməd Məmmədlinin həbsini və onlara qarşı fiziki zorakılığı kəskin pisləyib.

Federasiyalar bu hadisəni ölkədə mətbuat azadlığına qarşı dərinləşən təzyiqlərin bir hissəsi kimi qiymətləndirib.

Ülviyyə Əli 2025-ci il mayın 7-nə keçən gecə saxlanılıb. Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunan jurnalist 1 ay 29 gün müddətinə həbs olunub.

Ülviyyə Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.

Daha çox göstər
Back to top button