
İran İslam Respublikasının müdafiə naziri, briqada generalı Əziz Nəsirzadənin Ermənistana səfəri iki ölkə arasında münasibətlərin strateji xarakter aldığını göstərir.
“Armenpress”in məlumatına görə, bunu İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhani jurnalistlərlə söhbətində deyib. Səfir İranın müdafiə nazirinin Ermənistana səfərini çox müsbət və məhsuldar qiymətləndirib. “O, həmkarı, baş nazir, Təhlükəsizlik Şurasının katibi və yüksek texnologiyalar və sənayesi naziri ilə çox məhsuldar müzakirələr apardı. Və bu səfər onu göstərir ki, əlaqələrimiz strateji xarakter alıb və bütün sahələrdə inkişaf edir”, – səfir bildirib.
Sobhani iki ölkə arasında əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib. İran İslam Respublikasının müdafiə naziri, briqada generalı Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın dəvəti ilə mayın 20-də Ermənistanda iki günlük səfərdə olub.
Nəsirzadə Ermənistan Respublikasının baş naziri, müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi ilə keçirilən görüşlərə toxunaraq qeyd edib ki, görüşlər zamanı əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən müdafiə və iqtisadi sahələr müzakirə olunub, Ermənistan Respublikasının müdafiə naziri ilə anlaşma memorandumu imzalanıb.







