
Türkiyənin müxtəlif regionlarından 33 ətraf mühit və insan hüquqları təşkilatı İğdır şəhərində Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinə qarşı etiraz aksiyası təşkil edib.
Cumhuriyet qəzetinin məlumatına görə, təşkilatlar yaydıqları bəyanatda stansiyanın bağlanmasını tələb ediblər.
Bəyanatı Mersin Təbiət və Ətraf Mühit Assosiasiyasının sədri Səbahət Aslan səsləndirib.
“Metsamor Atom Elektrik Stansiyasının birinci reaktoru Türkiyə ilə Ermənistan sərhədindən 16 km, İğdırdən isə 30 km məsafədə yerləşir.
Qeyd edək ki, 1976-cı ildə, ikinci reaktor isə 1980-ci ildə istifadəyə verilib. 1988-ci ildə Spitak zəlzələsindən sonra ictimai narahatlıq, təzyiqlər və etiraz aksiyaları nəticəsində stansiyanın hər iki reaktoru bağlanıb.
1993-cü ildə Ermənistan hökuməti stansiyanı yenidən açmaq qərarına gəlib və o, 1995-ci ildə yenidən fəaliyyətə başlayıb.
2005-ci ildə planlaşdırılan istismar müddəti başa çatan stansiyanın fəaliyyəti 2016-cı ilədək uzadılıb və bu proses müxtəlif tarixlərlə davam edib.
Bu stansiya ətraf mühitə və insan sağlamlığına, xüsusilə də İğdır əyalətinə ciddi mənfi təsir göstərir.
Biz nüvə məsələləri ilə məşğul olan bütün beynəlxalq qurumları və Ermənistan hökumətini Metsamor Atom Elektrik Stansiyasını– Ermənistan Çernobıl və Fukuşima taleyi ilə üzləşməmişdən öncə bağlamağa çağırırıq.
Ölkəmizin müvafiq qurumları bu stansiyanın bağlanması üçün dərhal tədbirlər görməlidir. Bizim mübarizəmiz Metsamorun bağlanana qədər davam edəcək!”.
Aslan həmçinin bölgədə xərçəng hallarının kəskin artdığını, yoxsul insanların müalicə ala bilmədiyini, lösemiya ilə doğulan uşaqların sayının artdığını iddia edib.
O, həmçinin Türkiyənin Akkuyu, Sinop və İğneada bölgələrində atom elektrik stansiyalarının tikintisinə qarşı olduqlarını vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Metsamor Atom Elektrik Stansiyasına şəxsən səfər edib və stansiyanın təhlükəsizlik standartlarını yüksək qiymətləndirib.
“Ermənistan iqtisadiyyatı Metsamor Atom Elektrik Stansiyasına əsaslanır və BAEA təhlükəsiz şəkildə aşağı karbonlu enerji təmin etmək üçün dəstəyini davam etdirəcək.
Metsamorda həyata keçirilən təhlükəsizlik təkmilləşdirmələrini görməkdən məmnunam, heyətin peşəkar işi təsir edicidir”.
Bu tələblər Türkiyənin Ermənistana qarşı geosiyasi maraqları kontekstində qiymətləndirilir. 2023-cü ildə Laçın dəhlizindəki “eko-blokada” nümunəsində olduğu kimi, ətraf mühit mövzularının siyasi alətlər kimi istifadəsi müşahidə olunur.
BAEA-nın stansiyanın təhlükəsizliyinə dair müsbət rəylərinə baxmayaraq, Türkiyə tərəfinin təzyiqləri davam edir







