
Bakının Binəqədi Rayon Məhkəməsi xaricdə yaşayan bir sıra azərbaycanlı müxalifətçi blogerlərin həbsinə qərar verib. Azərbaycan mətbuatının məlumatına görə, ölkənin Baş prokurorluğu xaricdə yaşayan və mart-aprel aylarında istintaq hərəkətlərinə çağırılan şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verib.
Onlar: Qabil Məmmədov, Məhəmməd Mirzəli, İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Orxan Ağayev və Qurban Məmmədovdur.

Onu da əlavə edək ki, Mirzəli Fransada hücuma məruz qalıb və bıçaqlı hücum nəticəsində bir neçə yerdən xəsarət alıb. Hadisə ilə bağlı bir neçə nəfər həbs edilib.
Digər bloqçular da Azərbaycan prezidenti İlham Əliyevə və hakimiyyətə qarşı sərt bəyanatları ilə tanınırlar. Onlar dövlət asayişini pozmaqda və kütləvi iğtişaşları qızışdırmaqda ittiham olunurlar.
Bəziləri də dövlət sirrini açmaqda, dələduzluqda və digər cinayətlərdə ittiham olunurlar. Onlar ittihamları rədd edərək, tənqidi fikirlərinə görə təqib olunduqlarını bildirirlər.
Bundan əvvəl Binəqədi Rayon Məhkəməsi təqsirləndirilən şəxs qismində Baş Prokurorluğun İstintaq İdarəsində dindirilməyə çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Temirxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin barəsində həbs qətimkan tədbiri seçib.
Almaniyada yaşayan Tural Sadıqlı (müxalif “Azad söz” onlayn kanalının rəhbəri) Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq), 220.2 (kütləvi iğtişaşlara çağırış) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunub.
Digər bloqqer Orduxan Temirxan Hollandiya vətəndaşıdır. O, Cinayət Məcəlləsinin 220.2-ci (kütləvi iğtişaşlara çağırış) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham olunub. 2018-ci ildə Bakının Nəsimi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Fransada yaşayan Elşad Abdullayev Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma), 213.1-ci (vergidən yayınma) və 130.1-ci (transplantasiya məqsədilə insan orqanlarının qanunsuz çıxarılması) maddələri ilə ittiham olunub.
Bundan başqa, Fransada yaşayan müxalif “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsinə qiyabi order verilib. Bu barədə jurnalist sosial şəbəkədə məlumat verib.
Mətn factor.am-ə məxsusdur.







